Bu gün Türk Dünyası Parlament Birliyi 31 Mart azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib.
APA-nın xəbərinə görə, Birliyin sədri Nail Çələbi erməni silahlı dəstələrinin türklərə qarşı etdikləri soyqırımı lənətləyərək şəhidlərə Allahdan rəhmət diləyib.
Nail Çələbi erməni-bolşevik birlikləri və şəbəkələrinin 31 Martda başlayıb üç gün ərzində başda Bakı olmaqla, onlarla Azərbaycan şəhəri və Qarabağın dağlıq hissəsində 50 min türkü vəhşicəsinə qətl etdiyini vurğulayıb: “Bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Quba qırğınlarının izlərini görmək mümkündür . Bu insanların günahı nə idi? Bu insanlar yalnız türk olduqları üçün öldürüldü, vəhşicə qətl edildi. Bunu Anadolu, Azərbaycan, Qırğız, Özbək, Türkmən, Qazax türkləri bu ağrını heç unutmayacaq”.
Erməni – daşnak vəhşiliyinin son olaraq Xocalıda özünü göstərdiyini xatırladan Çələbi Qarabağdakı Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olduğunu vurğulayıb.
Nail Çələbi 1918-ci ildə Qafqazda Azərbaycan türklərinin fəryadını eşidən Nuri Paşa əmrindəki Türk Qafqaz İslam Ordusu mənsublarını Azərbaycan türklərinin əsla unutmadığını da vurğulayıb: “31 mart 1919-cu ildə Azərbaycan Respublikası Parlamenti bu tarixi azərbaycanlıların soyqırımı günü kimi qəbul edib. Böyük lideri Heydər Əliyev martın 31-i tarixini 1998-ci ildə çıxarılan fərmanla ikinci dəfə azərbaycanlıların Soyqırımı günü elan edib”.