Gürcüstan. Nizami Məmmədzadə-APA. Türkiyənin Gürcüstandakı səfiri Levent Zəki Gümrükçü ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsinə səfər edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki ay bundan əvvəl səfir vəzifəsinə təyin olunmuş diplomatın Cavaxetiyaya səfəri tanışlıq xarakteri daşıyıb.
Axaltsixe rayonunda olan L. Gümrükçü yerli məmurlarla görüşüb, Axaltsixe həbsxanasına baş çəkib. Sonra səfir bölgədə fəaliyyət göstərən dövlət universitetində olub, müəllim və tələbələrlə görüşüb.
Səfir universitetdə türk dilinin tədrisi məsələsi ilə maraqlanıb və gələcəkdə universitetlə əməkdaşlıq edəcəyini bildirib: “İlk dəfədir ki, Axaltsixeyə gəlirəm. Buradakı universitetdə oxuyan tələbələr xoşuma gəldi. Mən türk kabinetinə baş çəkdim. Burada gənclər türk dilini öyrənirlər”.
Türkiyə səfiri səfər çərçivəsində Axaltsixedə Tao-Klarceti mitropoliti, arxiyepiskop Feodor və Samtsxe-Cavaxeti müftisi Mamuka Vaşakmadze ilə də görüşüb.