Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.
APA bildirir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.
Yunanıstanın hazırkı prezidenti Katerina Sakellaropoulou onun vəfatı ilə əlaqədar başsağlığı verib.
Prezidentin mətbuat xidmətinin yaydığı baş sağlığında aşagıdakılar qeyd olunub:
“Epir bölgəsindən olan vətənpərvər və siyasətçi Karolos Papulyası son dəfə həyəcan və kədərlə salamlayırıq. Onun milli Müqavimətdə və diktaturaya qarşı mübarizədə iştirakı taleyində həlledici rol oynadı, bütün karyerası boyu ardıcıl olaraq müdafiə etdiyi azadlıq və ədalət ideallarına sarsılmaz sadiqliyini əks etdirdi”.
Dövlət başçısı vurğulayıb ki, Karolos Papulyas beynəlxalq siyasət üzrə dərin ekspert kimi tanınıb:
“O, Xarici İşlər Nazirliyində işlədiyi müddətdə Yunanıstana xüsusi çəki verməyə və ölkənin regionumuzda sabitlik amili kimi rolunu gücləndirməyə kömək edib”.
Qeyd edək ki, Papulyas 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub.
O, 2005-2015-ci illərdə ölkə prezidenti olub.
Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi.