Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
“Reuters” agentliyinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, texniki danışıqlardan sonra üç ölkə liderinin iştirakı ilə görüşün keçirilməsi mümkün ola bilər.
Zelenski bildirib ki, cümə günü ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Onlar həftənin əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə də birbaşa görüşüblər.
“Noyabrın birinci yarısında, əlbəttə ki, mümkün qədər tez görüşmək planlaşdırılır”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski qeyd edib ki, görüşün baş tutması böyük ölçüdə Rusiyanın mövqeyindən asılı olacaq. O, Moskvanın oktyabr ayında analoji danışıqların keçirilməsi planlarını pozduğunu iddia edib.
Ukrayna lideri mümkün sülh sazişinin etibarlı təhlükəsizlik təminatlarını nəzərdə tutmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu təminatlar arasında Ukrayna ordusunun döyüş qabiliyyətinin qorunması üçün növbəti 10 il ərzində maliyyə yardımının göstərilməsi də yer almalıdır.
Zelenski Avropa ölkələrinin də sülh danışıqlarına cəlb edilməsinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, Ukrayna Prezidenti ölkə hərbçilərinin hələ də “Starlink” peyk rabitəsindən istifadədə məhdudiyyətlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sistemin fəaliyyətinin bərpa olunacağına dair təminat versə də, problemlər davam edir.
Zelenski əlavə edib ki, Ukrayna daha əvvəl razılaşdırılmış növbəti zenit raketləri partiyasının çatdırılmasını da gözləyir.