Paşha Bank
Bank Of Baku

Azərbaycan-Hindistan münasibətlərində yeni mərhələ: Bakı və Yeni Dehli arasında siyasi dialoq genişlənir – TƏHLİL

Azərbaycan-Hindistan münasibətlərində yeni mərhələ: Bakı və Yeni Dehli arasında siyasi dialoq genişlənir – TƏHLİL
# 23 oktyabr 2026 15:54 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir. Bu səfər son illərdə müəyyən fikir ayrılıqlarının müşahidə olunduğu Azərbaycan-Hindistan münasibətlərində müsbət dəyişikliklərin baş verdiyini və tərəflərin konstruktiv dialoqa üstünlük verdiyini göstərir.

Hindistan xarici siyasət idarəsinin rəhbərinin Bakıya səfəri yalnız diplomatik təmasların intensivləşməsi deyil, həm də siyasi, iqtisadi və regional məsələlərdə ortaq maraqların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Siyasi münasibətlərdə yeni səhifə

Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında münasibətlərin inkişafına üstünlük verir. Hindistanla siyasi dialoqun genişləndirilməsi də bu siyasətin tərkib hissəsidir.

Prezident İlham Əliyevin Hindistan xarici işlər nazirini qəbul etməsi Bakı ilə Yeni Dehli arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün siyasi iradənin mövcud olduğunu göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Dövlət başçısı görüşdə Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşü və aparılmış fikir mübadiləsini məmnunluqla xatırladıb. Subrahmanyam Cayşankarın Narendra Modinin tapşırığı ilə Azərbaycana səfər etməsi yüksək qiymətləndirilib.

Bu məqam xüsusi əhəmiyyət daşıyır. Hindistan nazirinin ölkə rəhbərliyinin tapşırığı əsasında Bakıya gəlməsi Yeni Dehlinin Azərbaycanla münasibətlərin inkişafına yüksək siyasi səviyyədə diqqət yetirdiyini nümayiş etdirir.

İki ölkə arasında münasibətlərin tarixi əsasları da mövcuddur. Azərbaycan və Hindistan qədim sivilizasiyalara mənsub dövlətlərdir. Əsrlər boyu ticarət əlaqələri, mədəni təmaslar və tarixi İpək Yolu vasitəsilə xalqlar arasında münasibətlər formalaşıb. Azərbaycanda Hindistan mədəniyyətinə aid tarixi izlərin qorunub saxlanılması bu əlaqələrin qədimliyini təsdiqləyir.

Müasir mərhələdə isə münasibətlərin inkişafını şərtləndirən əsas amillər iqtisadi maraqlar, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq imkanlarıdır.

Qlobal Cənub və iqtisadi tərəfdaşlığın perspektivləri

Azərbaycanla Hindistanı yaxınlaşdıran mühüm istiqamətlərdən biri Qlobal Cənub çərçivəsində əməkdaşlıqdır. Hər iki ölkə inkişaf etməkdə olan dövlətlərin beynəlxalq münasibətlər sistemində rolunun gücləndirilməsində maraqlıdır.

Prezident İlham Əliyevlə keçirilən görüşdə də Azərbaycan və Hindistanın Qlobal Cənubun bir hissəsi olması, beynəlxalq gündəlikdəki bir sıra məsələlərə oxşar yanaşmalardan çıxış etməsi diqqətə çatdırılıb.

İqtisadi münasibətlər baxımından da geniş imkanlar mövcuddur. Hindistan şirkətləri artıq Azərbaycanın neft-qaz layihələrində iştirak edir. İnvestisiya sahəsində mövcud təcrübə tərəflərin digər istiqamətlərdə də əməkdaşlığını genişləndirə bilər.

Xüsusilə Hindistanın yüksək texnologiyalar, informasiya sistemləri və rəqəmsal infrastruktur sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycan üçün əhəmiyyətli əməkdaşlıq imkanları yaradır.

Turizm də perspektivli istiqamətlərdəndir. Hindistanın böyük turist bazarı, Azərbaycanın coğrafi mövqeyi, tarixi abidələri və inkişaf edən turizm infrastrukturu qarşılıqlı turist axınının artırılmasına şərait yaradır.

Eyni zamanda, Hindistanın beynəlxalq nəqliyyat dəhlizlərinə marağı Azərbaycanla logistika sahəsində tərəfdaşlıq üçün əlavə imkanlar açır. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkənin iqtisadi maraqlarının uzlaşdığı istiqamətlərdən biri hesab edilə bilər.

Ceyhun Bayramov: Fikir ayrılıqlarını açıq müzakirə etdik

Prezident İlham Əliyevin qəbulundan sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar arasında keçirilən görüş siyasi dialoqun konkret məzmununu ortaya qoydu.

Azərbaycan və Hindistan XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1

Ceyhun Bayramov birgə mətbuat konfransında son illər iki ölkə arasında bir sıra məsələlərlə bağlı fikir ayrılıqlarının mövcud olduğunu etiraf edib.

“Bu da ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa təsir edirdi. Biz bu gün bu məsələləri açıq və konstruktiv şəkildə müzakirə etdik. Bu müzakirənin nəticələrini qısa müddətdə görəcəyik”, – deyə nazir bildirib.

Bu açıqlama münasibətlərin gələcəyi baxımından mühüm siyasi mesajdır. Tərəflərin fikir ayrılıqlarını açıq şəkildə müzakirə etməsi mövcud problemlərin həlli istiqamətində diplomatik iradənin formalaşdığını göstərir.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunan Azərbaycan XİN rəhbəri ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını da vurğulayıb.

“Bu ilin ilk 6 ayı ərzində ticarət dövriyyəmiz 600 milyon ABŞ dolları civarındadır. Bu iki ölkənin potensialını əks etdirmir”, – deyə Ceyhun Bayramov qeyd edib.

Hindistanın xarici işlər naziri də əməkdaşlığın inkişafına maraq göstərdiklərini bildirib.

“Prezident İlham Əliyev əməkdaşlığımızla bağlı müzakirələrə xeyli vaxt ayırdı. Xalqlarımızın böyük tarixi var, biz bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu da münasibətlərimizi yüksək səviyyəyə qaldırmağa təməl yaradır”, – deyə Cayşankar vurğulayıb.

Hindistanlı nazir ölkəsinin Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək istədiyini, Hindistan şirkətlərinin neft-qaz sektoruna sərmayə yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Cənubi Qafqazda sülh prosesi və Hindistanın mövqeyi

Nazirlərin görüşündə diqqət çəkən əsas məsələlərdən biri Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi olub.

Ceyhun Bayramov hindistanlı həmkarını Vaşinqtonda əldə edilmiş razılaşmalar, sülh prosesindəki son inkişaflar və Azərbaycanın Ermənistandan gözləntiləri barədə məlumatlandırıb.

“Azərbaycandan Ermənistana göndərilən mallar, qarşılıqlı səfərlər müzakirə edildi. Bu prosesin başa çatdırılması üçün Ermənistandan olan gözləntilərimiz də həmkarımın diqqətinə çatdırıldı. Həmkarımı azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırdım və təbii ki, davam edən mina təhlükəsi barədə də ona məlumat verdim”, – deyə nazir bildirib.

Bu müzakirələr Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığı fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın regional proseslərə dair mövqeyinin birbaşa Yeni Dehliyə çatdırılması qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından vacibdir.

Subrahmanyam Cayşankar isə Hindistanın Azərbaycanla Ermənistan arasında əldə olunmuş irəliləyişi müsbət qarşıladığını bildirib.

“Hindistanın mövqeyi aydındır: bütün münaqişələr dialoq və diplomatiya yolu ilə həll olunmalıdır”, – deyə XİN rəhbəri vurğulayıb.

Bu bəyanat Yeni Dehlinin Cənubi Qafqazda davamlı sülhün əldə olunmasını dəstəklədiyini göstərir.

Görüşdə Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib. Hindistanlı nazir ABŞ-İsrail və İran arasında müharibə zamanı Hindistan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Yeni mərhələnin əsas şərti – praktiki nəticələr

Hindistan Azərbaycanla münasibətləri yüksək səviyyəyə qaldırmaq istəyir:  Ermənistanla normallaşma da müzakirə olunub

Hindistan XİN rəhbərinin Bakıya səfəri göstərir ki, Azərbaycanla Hindistan arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Prezident İlham Əliyevin qəbulu və nazirlər səviyyəsində aparılan danışıqlar siyasi dialoqun intensivləşməsi üçün əlverişli zəmin yaradıb.

Bununla belə, münasibətlərdə real dönüşün baş verdiyini təsdiqləyəcək əsas amil konkret nəticələr olacaq. Qarşılıqlı investisiyaların artırılması, nəqliyyat və texnologiya sahələrində yeni layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və siyasi fikir ayrılıqlarının azaldılması qarşıdakı dövrün əsas istiqamətləridir.

Beləliklə, oktyabrın 23-də Bakıda keçirilən görüşlər Azərbaycan-Hindistan münasibətlərində müsbət dinamikanın formalaşdığını göstərir. Bu dinamikanın davamlı və strateji xarakter alması isə tərəflərin siyasi iradəsini konkret əməkdaşlıq mexanizmlərinə çevirməsindən asılı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR