Dünyada ərzaq qiymətləri üçillik maksimuma çatıb

Dünyada ərzaq qiymətləri üçillik maksimuma çatıb
# 07 yanvar 2021 18:12 (UTC +04:00)

2020-ci ildə əsas qida və xammalın dünya qiymətləri son üç ildə ən yüksək həddə çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən əsas qidaların beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri əks etdirən FAO Qida Qiymətləri İndeksinin məlumatlarında deyilir.

Dekabrda sözügedən indeks göstəricisi son altı ildə ən yüksək səviyyədə qeydə alındığı noyabrla müqayisədə 2,2% artaraq 107,5 bənd yüksəlib.

2020-ci ilin ortalama indeks göstəricisi isə 2019-cu ilə müqayisədə 3,1% daha yüksəkdir. Lakin bu, FAO hesabatında göstərildiyi kimi, 2011-ci ildə qeydə alınan tarixi rekord göstəricisindən 25% azdır.

Xüsusilə, FAO Bitki Yağı Qiymətləri İndeksi dekabrda 4,7% artaraq 2012-ci ilin sentyabr ayından bəri ən yüksək həddə çatıb.

Taxıl qiymətləri indeksi də noyabr ayı ilə müqayisədə 1,1% və 2019-cu ilin orta səviyyəsinə nisbətən 6,6% artıb.

FAO mütəxəssislərinin izah etdiyi kimi, buğda, qarğıdalı və düyünün ixrac qiymətlərindəki artım tendensiyası Şimali və Cənubi Amerikada və Rusiyada olduğu kimi, proqnozlaşdırılan yüksək məhsuldarlıq və hava şəraiti ilə bağlı qeyri-müəyyənlikdən irəli gəlir.

Dekabr ayında noyabra nisbətən 3,2% artan süd məhsullarının qiymət indeksi istehsalçı ölkələrdə bu məhsulun yüksək daxili istehlakı fonunda tələbin artması səbəbindən 7 aydır ardıcıl olaraq artmaqdadır.

FAO ərzaq qiymətlərindəki artımı yalnız pandemiya ilə əlaqələndirmir. Mütəxəssislərin fikrincə, qiymət dinamikası tələb və təklif nisbətindən asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR