İsraildə idman zalları və restoranlar koronavirus təhlükəsinə görə yenidən bağlanıb

İsraildə idman zalları və restoranlar koronavirus təhlükəsinə görə yenidən bağlanıb
# 17 iyul 2020 11:25 (UTC +04:00)

İsrail hökuməti koronavirus təhlükəsinin yenidən baş qaldırması ilə əlaqədar iyulun 17-dən idman zallarının, fitnes mərkəzlərinin və restoranların bağlanması barədə qərar qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Baş Nazirinin dəftərxanasından bildirilib.

Restoranlar yalnız ünvana çatdırılma şəklində fəaliyyət göstərəcək, müştəri qəbul etməyəcək.

Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 24-dən istirahət günləri üçün əlavə məhdudiyyətlər tətbiq olunacaq. İsraildə istirahət günləri olan cümə və şənbə günləri çimərliklərə getmək qadağan edilib.

Mağazalar, ticarət mərkəzləri, açıq havada bazarlar, bərbərxanalar, gözəllik salonları, kitabxanalar, uşaq zooparkları, muzey və sərgi salonları, hovuzlar, turizm məkanları və kanat yolları da istirahət günləri bağlı olacaq.

Məhdudiyyətlər ərzaq mağazalarına, apteklərə və rabitə cihazlarının təmiri emalatxanalarına aid deyil.

Məhdudiyyətlərin nə vaxta qədər qüvvədə olacağı açıqlanmayıb.

Qeyd edək ki, karantin rejiminin may ayında yumşaldılmasından sonra İsraildə COVİD-19 infeksiyasına yoluxma halları artmağa başlayıb. İyunun əvvəllərində gündəlik təqribən 150 yoluxma qeydə alındığı halda, iyunun 23-də 500 yoluxma baş verib. İyulun 9-da bu rəqəm 1500, iyulun 15-də isə 2000 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR