Türkiyə S-400-ün ikinci partiyasının alınması üçün Rusiya ilə danışıqlara başlayacaq

Türkiyə S-400-ün ikinci partiyasının alınması üçün Rusiya ilə danışıqlara başlayacaq
  • Clock-gray 15:35
  • calendar-gray 15 Yanvar 2021

“Bizim müdafiə sənayesi ilə bağlı atacağımız addımları heç bir ölkə müəyyənləşdirə bilməz. Bu sahədə verəcəyimiz qərarları heç kimdən soruşası deyilik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, S-400 hava hücumundan müdafiə sisteminin birinci partiyası gəlib, ikinci partiyanın alınması üçün Rusiya ilə növbəti danışıqlar aparılacaq.

Ərdoğan qeyd edib ki, Rusiya ilə yanvar ayının sonunda təkcə müdafiə sənayesi sahəsində yox, bir çox sahələr üzrə danışıqlar aparılacaq.

Türkiyə Prezidenti vurğulayıb ki, NATO müttəfiqlərinin onun ölkəsini yönləndirməsinə heç bir halda yol verməyəcəklər: “Bu məsələ ilə əlaqədar olaraq hər şeydən öncə F-35-ə ehtiyacımız təmin edilmədi. Bu, ABŞ-ın müttəfiq ölkə olaraq bizə qarşı yol verdiyi ciddi bir yanlışdır. Ümid edirəm ki, hörmətli Co Bayden vəzifəsinin icrasına başlayandan sonra danışıqlar aparacağıq və bu problem həll olunacaq”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər