Yaqland: "Rusiya ilə hüquqi əlaqələrin olmaması münaqişələrin həllini çətinləşdirəcək"

Yaqland: "Rusiya ilə hüquqi əlaqələrin olmaması münaqişələrin həllini çətinləşdirəcək"
# 04 sentyabr 2019 17:04 (UTC +04:00)

"Rusiya büdcəyə öz ödənişlərini edib və bu sevindirici haldır. Lakin Rusiyanı yenidən Avropa Şurasının tamhüquqlu üzvü kimi görmək istəməyimizin səbəbi bu ödənişlər deyil".

APA-nın məlumatına görə bu sözləri Avropa Şurasının baş katibi Torbyorn Yaqland İsveçrənin "SRF" telekanalına müsahibəsində deyib.

"Biz Rusiyada rus vətəndaşlarının hüquqlarını müdafiə etmək imkanına sahib olmaq istədik. Sonda çoxu başa düşdü ki, hadisələr belə davam edə bilməz, Rusiyanın qurumda yarımçıq üzvlüyü məntiqsizlik idi. Digər tərəfdən, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına tabe olmaq lazım idi", - deyə Yaqland bildirib.

Baş katib qeyd edib ki, üzv ölkələr Avropa Şurasına hüquqi şəkildə tabedirlər və onlar qurumda tam iştiraka sahib olmalıdır: "Ölkə ilə prinsiplərdə əməkdaşlıq mümkün deyilsə, o tamamilə qurumdan uzaqlaşdırılmalıdır. Rusiya rəhbərliyi dərk edir ki, Avropa Şurasında olmaq daha yaxşıdır. Həmçinin biz də başa düşürük ki, Rusiyanın bizimlə qurumda olması daha yaxşıdır. Rusiya Avropada ən güclü ölkədir, qlobal gücdür. Eyni zamanda o, böyük problemləri olan bir ölkədir. Lakin biz Rusiyanı tamamilə kənara atsaq bunun Avropa üçün ciddi nəticələri olacaq. Rusiya ilə hüquqi əlaqələrin olmaması Ukraynada, Gürcüstanda, Moldovada münaqişlərin həllinin tapılmasını daha da çətinləşdirəcək".

Avropa Şurasının Rusiyaya təsirinin məhdud olduğunu etiraf edən T. Yaqland, buna baxmayaraq, əgər quruma üzv ölkədə kiçik də olsa müsbət dəyişiklik edilirsə, bu ölkənin üzv olaraq qalmasının daha məqsədə uyğun olduğunu əlavə edib.

"İnsan Haqları Məhkəməsinin qərarlarına əsasən Rusiya qanunlarında düzəlişlər olunub. Rusiya Avropa Şurasına daxil olanda, Stalin tipli həbsxanalarda bir milyon məhbus var idi. Lakin indi bu rəqəm 600.000-ə yaxındır və onlar daha normal şərtlər altında saxlanılırlar. Xeyli sayda insan azadlığa buraxılıb. Bu isə Rusiya vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsinə müraciətindən sonra mümkün olub. Bu səbəblər izah edir ki, nə üçün Rusiya bu qurumda olmalıdır", - deyə Yaqland bildirib.

Avropa Şurasının münaqişələrlə məşğul olmadığını bildirən baş katib bunun üçün ATƏT, BMT Təhlükəsizlik Şurasının olduğunu bu təşkilatın əsas missiyasının 47 üzv ölkədə insan haqqlarını qorumaq olduğunu deyib: "Üzv ölkələrdə çatışmazlıqlar var. Lakin eyni zamanda inkişaf da var. Nümunə üçün Rusiyada, Azərbaycanda siyasi məhbusların azad edilməsini qeyd etmək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR