İstanbulda terrorçulara qarşı əməliyyat keçirilib, ölənlər və yaralananlar var

İstanbulda terrorçulara qarşı əməliyyat keçirilib, ölənlər və yaralananlar var
# 27 aprel 2009 11:00 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səhər saat 05.30-da Kadıköyün Bostançı məhəlləsindəki binanın birinci mərtəbəsindəki mənzildə gizlənmiş 3 terrorçu ilə polis arasında atışma başlayıb. “İnqilabçı Hərəkat” adlı gizli radikal solçu təşkilatın üzvləri olduqları bildirilən terrorçularla 5,5 saat davam edən atışmada adı açıqlanmayan bir polis baş komissarı və küçədən keçən bir nəfər həlak olub, 6 polis və NTV-nin videooperatoru İlhan Kandaz yaralanıb. Qulağından yaralanan İ. Kandazın vəziyyəti qənaətbəxşdir. Əməliyyatın başlamasından 5 saat keçdikdən sonra Radio Televiziya Üst Qurumu televiziyaların hadisə yerindən canlı yayım verməsini qadağan edib. İstanbulun polis rəisi Cəlaləddin Cərrah və şəhər valisi Müəmmər Gülər əməliyyatın gedişini hadisə yerində izləyiblər. Ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb. Polis əməliyyat zamanı qaz bombalarından istifadə edib. Əməliyyat bitdikdən sonra jurnalistlər içəridən bir nəfərin cəsədinin çıxarıldığını görüblər.

Bağçılarda keçirilən əməliyyat zamanı isə 2 nəfər həbs edilib və çoxlu sayda partlayıcı maddə tapılıb. Daxili işlər naziri Bəşir Atalay Ankaradan İstanbula yollanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR