AŞPA-da Rusiya nümayəndə heyətinin etimadnaməsi təsdiq edilib 

AŞPA-da Rusiya nümayəndə heyətinin etimadnaməsi təsdiq edilib 
# 26 yanvar 2022 21:02 (UTC +04:00)

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası zamanı Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edən etimadnamə ilə bağlı debat aparılıb və Monitorinq Komitəsindən italiyalı məruzəçi Pyero Fasino tərəfindən hazırlanan hesabat müzakirə olunub.

APA-nın London bürosunun məlumatına görə, hesabat sonrasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsi barəsində razılığa gəlinib.

Assambleyada keçirilən səsvermədə 97 nəfər Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsinin lehinə, 41 nəfər isə əleyhinə səs verib.

Monitorinq Komitəsi tərəfindən hazırlanan hesabatda Rusiya Federasiyasında müxalif siyasətçilərə, müstəqil vətəndaş cəmiyyətinə, fərqli fikirlərə və tənqidi jurnalistlərə qarşı təzyiqlərlə təzahür edən plüralizm, insan hüquqları və əsas azadlıqlarla bağlı vəziyyətin pisləşməsinə diqqət çəkilib. Ancaq bildirilib ki, Parlament Assambleyası bütün Avropa ölkələrinin iştirakı ilə siyasi dialoq üçün unikal ümumavropa parlament platformasını təşkil edir. Buna görə də, Rusiya Federasiyasının nümayəndə heyətinin etimadnaməsi təsdiq edilib.

Qeyd edək ki, AŞPA-nın 24 yanvarda keçirilən qış sessiyasının açılışında Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edən etimadnaməyə həm prosessual əsaslarla ukraynalı deputat Yevgeniya Kravçuk (Prosedur Qaydalarının 7-ci qaydası), həm də əhəmiyyətli əsaslarla Litva nümayəndə heyətinin üzvü Emmanuelis Zingeris tərəfindən (8-ci qayda) etiraz edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR