Bundestaq Ukraynaya ağır silahların göndərilməsinə dair qərar qəbul edib

Robert Habek

© APA | Robert Habek

# 28 aprel 2022 14:08 (UTC +04:00)

Bu gün Almaniya Bundestaqı Ukraynaya ağır silahların göndərilməsi barədə qərar verib.

APA xəbər verir ki, deputatların 586-sı qərarın lehinə, 100-ü əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb.

Almaniyanın vitse-kansleri Robert Habek deyib ki, o, federal hökumətin təhlükəsizlik kabinetinin iclaslarında Ukraynaya hərbi yardımın göndərilməsini hər zaman dəstəkləyib.

O, bir il öncə Ukraynaya səfərini xatırladıb və əlavə edib ki, bu səfər çərçivəsində o, Donbasa, Mariupola, Kiyevə gedib: “Ancaq indi mən bir il əvvəl Mariupolda qaldığım mehmanxananın tamamilə dağıdıldığını gördüm. Bu şəhərdə gördüyüm insanların sağ qalıb-qalmamasını bilmirəm”.

Almaniyalı nazir bildirib ki, Kiyevə səfərində o, 2014-cü ildən bəri davam edən müharibə və toqquşmalarda həlak olan ukraynalılarla bağlı xatirə divarını ziyarət edib: “Bu müharibədə ölənlər sadəcə rəqəm deyil, insanlardır, gənclərdir, qadınlardır".

Almaniyanın vitse-kansleri Ukraynaya silahların göndərilməsi ilə bağlı Bundestaqdakı səsverməni mürəkkəb adlandırıb.

“Bizim verdiyimiz qərarlar insanlara təsir edir, onları öldürür. Biz ora silahlar göndərəcəyik, onda cavan əsgərlər öləcək - rus əsgərləri. Dürüst şəkildə deyək ki, bu gənclərin - rus çağırışçıların daha yaxşı həyatı ola bilərdi, nəinki Putin üçün öz həyatlarını itirmək. Bəlkə də onlar ukraynalı həmkarları ilə futbol oynamaq, şərab içmək istəyərdilər. Lakin dəqiqdir ki, onlar ölmək istəməzdilər. Silah göndərməklə bağlı məsələ çətin qərardır, mən bununla razılaşmayanları da başa düşürəm və hörmət edirəm. Lakin mənim gəldiyim nəticə fərqlidir. Siz yardım etməsəniz belə insanların ölümünə kömək etmiş olursunuz. Bu kontekstdə nəzərə alsaq ki, ukraynalılar öz həyatları üçün vuruşurlar, onların təcavüzdən, kütləvi güllələnmə və qırğınlardan müdafiəsinə kömək etmək üçün biz silahlar verərək onları dəstəkləməliyik. Təbii ki, bu, daha çox ölüm deməkdir. Ancaq biz silah dəstəyi verməməklə düşünsək ki, müharibə tezliklə dayanacaq, ölümlər dayanacaq, bununla biz Ukraynanın parçalanmasını qəbul etmiş olacağıq. İnsanlar qırğınla üzləşəcək, biz Buçada nə baş verdiyini gördük. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, doğru qərar Ukraynanın ağıq silahlarla təmin etməkdir. Mən bilirəm ki, özümü günahkar hiss edəcəyəm. Ancaq Putin yalnız Ukraynaya hücum etmir, o, Avropada sülhə hücum edir. Ukrayna azadlığı, ərazi bütövlüyü üçün, lakin eyni zamanda, Avropa dəyərləri, sülh və azadlıq üçün savaşır. Ona görə də bu müharibədə Ukrayna uduzmamalı və Putin bu müharibədə qalib gəlməməlidir”, - Almaniyanın vitse-kansleri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR