Gürcüstan parlamentinin vitse-spikeri Podolyakın bəyanatını həyasızlıq adlandırıb

Gürcüstan parlamentinin vitse-spikeri Podolyakın bəyanatını həyasızlıq adlandırıb
# 12 yanvar 2023 19:16 (UTC +04:00)

Mixail Podolyakın (Gürcüstan hökuməti ilə bağlı) bəyanatı və dəyərləndirməsi həyasızlıqdır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan vitse-spikeri Gia Volski jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, Podolyak ya müxalif “Vahid Milli Hərəkat” partiyasının siyasətini davam etdirir, ya da Ukraynada və regionda baş verənləri görə bilmir.

Volski Gürcüstanın Ukraynaya verəcək tanklarının olmadığnı vurğulayıb: “Əgər o, ölkəmizin xüsusilə də tribunala müraciət, Rusiyanın bir sıra beynəlxalq təşkilatlardan çıxarılması kimi Rusiya ilə bağlı bu qədər vacib qərarlar verməsindən sonra Gürcüstanın kimi dəstəklədiyini anlaya bilmirsə...Bizim Ukraynaya göndərməyə tankımız yoxdur, lakin bizim tədarük etdiyimiz elektrik generatorlarımız və bəzi humanitar yardım resurslarımız var. Əgər Podolyak hələ də Gürcüstanın mövqeyini anlaya bilmirsə, biz bu bəyanatı həyasızlıq kimi qiymətləndirə bilərik”, - deyə Volski bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti administrasiyasının rəhbəri Mixail Podolyak Gürcüstan xalqının hazırkı hökuməti seçməklə böyük səhv etdiyini, hökumətin enerji məsələlərinin həllini Rusiyadan gözlədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR