Portuqaliya Abramoviçin vətəndaşlığı ilə bağlı araşdırmaya başlayıb

Roman Abramoviç

© APA | Roman Abramoviç

# 14 yanvar 2022 08:20 (UTC +04:00)

Portuqaliya Qeydiyyat və Notariat İnstitutu Sefarad yəhudi vətəndaşlığı qanunu əsasında rusiyalı iş adamı Roman Abramoviçin vətəndaşlıq prosesini araşdırır.

APA xəbər verir ki, bu barədə “Renascença” portalı məlumat yayıb.

Bildirilib ki, keçən ilin dekabrında Portuqaliyanın Ədliyyə Nazirliyi Abramoviçin vətəndaşlıq aldığını təsdiqləyib və bununla bağlı naturalizasiya proseduru aprelin 13-də başa çatıb.

Abramoviçin naturalizasiyası İspaniyadan və Portuqaliyadan olan Sefarad Yəhudilərinin nəsillərinə və Xristianlığı zorla qəbul etmiş yəhudilərə Portuqaliya vətəndaşlığını əldə etməyə icazə verən qayıdış qanunu ilə mümkün olub.

Ölkənin Ədliyyə Nazirliyindən verilən məlumata görə, Abramoviç Sefardimlərdən gəldiyini sübut etmək üçün Porto şəhərinin yəhudi icmasından arayış təqdim edib.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat İnstitutunun təşəbbüsü ilə Abramoviçin işi üzrə araşdırma aparıldığı təsdiqlənib.

Yerli KİV-in yazdığına görə, rusiyalı milyarderin vətəndaşlıq alması prosesi “rekord müddətdə” başa çatıb.

Ədliyyə Nazirliyi bildirib ki, Abramoviçin vətəndaşlığı ilə bağlı araşdırma normal prosedurdur. Bu, qeydiyyat xidmətinin prosedurlarında hər hansı pozuntu əlamətləri olduqda tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR