Ukrayna ilə bağlı daha bir beynəlxalq konfrans keçiriləcək

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 04 iyul 2022 17:26 (UTC +04:00)

“Hər addımda Ukraynanın yanında olmaqla bağlı Avropanın xüsusi məsuliyyəti və strateji marağı var. Ukrayna Avropa İttifaqının bir hissəsi olmaq istəyir və biz də Ukraynanın üzv olmasını istəyirik”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İsveçrənin Luqano şəhərində Ukraynanın Bərpası Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Ukrayna üzvlük istiqamətində Aİ ilə işləmək üçün çox həvəslidir və Aİ bu səyləri dəstəkləmək üçün əlindən gələni edəcək:

“Daha güclü Ukraynaya gedən yol və Avropaya inteqrasiya yolu ikisi də eynidir. Yenidənqurma platforması vasitəsilə Avropa Komissiyası islahat və investisiyaları birləşdirən proqramların icrasında Ukraynaya geniş təcrübəsini təklif edə bilər”.

Avropa Komissiyasının Prezidenti əlavə edib ki, Ukraynanın namizədlik statusu qazanması ilə tərəflər arasında əməkdaşlıq daha da intensivləşəcək.

“Biz öz təcrübəmizlə yanaşı, kənardan da əhəmiyyətli fikirləri nəzərə alacağıq. Beləliklə, Kansler Şolts və mən – beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, yaydan sonra yüksək səviyyəli beynəlxalq konfrans təşkil edəcəyik. Biz öhdəliyimizin düzgün şəkildə həyata keçirilməsini təmin etmək üçün yenidənqurma üzrə ən parlaq ağılları və aparıcı qlobal ekspertləri bir araya gətirmək istəyirik. Bu, həm də bütün investorlara əlavə inam verəcək: Sizin pulunuz nəinki yaxşı işə xidmət edir, o həm də səmərəli xərclənəcək”, - Ursula von der Leyen əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR