AEBA İdarə Heyəti İranın nüvə proqramını müzakirə edib

AEBA İdarə Heyəti İranın nüvə proqramını müzakirə edib
# 01 dekabr 2012 02:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin iclası keçirilib. APA-nın məlumatına görə, AEBA-nın icraçı direktoru Yukio Amanonun sədrliyi ilə keçirilən toplantıda İranın mübahisəli nüvə proqramı ilə bağlı son hesabata 35 üzv ölkənin nümayəndə heyətinin rəhbəri münasibət bildirib.

ABŞ-ın AEBA-dakı daimi nümayəndəsi Robert Vud İranı dekabrın 13-də Tehran şəhərində agentliklə keçirəcəyi növbəti nüvə müzakirələri zamanı çərçivə sazişini imzalamağa çağırıb. Onun sözlərinə görə, İran AEBA-nın icraçı direktorunun hazırladığı son hesabatda qeyd olunduğu kimi nüvə proqramı ilə bağlı öhdəliklərini tam olaraq yerinə yetirmir: “İran müqavilələrə sadiq qalaraq öhdəliklərini yerinə yetirməli və AEBA ilə şəffaf şəkildə əməkdaşlıq etməlidir”.

İclasda ABŞ başda olmaqla digər Qərb ölkələri Y. Amanodan gələn ilin martında keçirilməsi planlaşdırılan AEBA İdarə Heyətinin növbəti yığıncağına qədər İranın nüvə proqramı ilə bağlı yeni bir hesabat hazırlamasını istəyiblər.

Bu arada diplomatik mənbələr İran rəhbərliyinin 2013-cü ilin martına qədər AEBA ilə çərçivə sazişi imzalamaması və lazımi əməkdaşlıq etməməsi vəziyyətində ABŞ-ın müttəfiqləri ilə birlikdə agentliyə Tehrana qarşı yeni bir qanun layihəsi təqdim edəcəyini bildiriblər. AEBA həmin qanun layihəsini qəbul etməyəcəyi təqdirdə isə İranın nüvə proqramı ilə bağlı materiallar yenidən BMT Təhlükəsizlik Şurasına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR