Şevçenko: "Qələbə təkcə Azərbaycan üçün deyil, həm də dünya üçün haqq-ədalətin təntənəsidir"

Şevçenko: "Qələbə təkcə Azərbaycan üçün deyil, həm də dünya üçün haqq-ədalətin təntənəsidir"
# 15 dekabr 2020 15:18 (UTC +04:00)

“Mən Gəncəyə gəlib, bu dəhşəti gördüm. Burada gecə vaxtı əsl terrorçular tərəfindən öldürülənlərin, mülki şəxslərin yaxınlarına və doğmalarına yalnız başsağlığı vermək, onların kədərinə şərik çıxmaq olar”.

APA-nın xəbərinə görə, bunu rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Moskvada və ya başqa bir yerdə nəzəri olaraq apardığımız müzakirələrlə burada gördüyümüz mənzərə - öldürülən uşaqların şəkilləri, dinc sakinlərin qətli, Rusiya vətəndaşı olan Arturun ölümü eyni deyil. Halbuki mənim aləmimdə onun hansı ölkənin vətəndaşı olması da əhəmiyyət daşımır. Əsas məsələ odur ki, gecənin bir yarısı şəhərə şüurlu şəkildə raketlər atılıb. Buranın neçə kilometr ətrafında heç bir hərbi obyekt yoxdur. Onlar deyirdilər ki, aeroportu vurmaq istəyiblər, halbuki aeroporta qədər nə qədər məsafə var. Atılan “Skad” raketinin və ya digər raketin səpilmə məsafəsi 250-300 metr ola bilərdi. Burada isə yalnız dinc sakinlərin öldürülməsindən, insanların qorxudulmasından söhbət gedə bilər. Lakin bu cəhd əks-təsir yaratdı. Onsuz da öz torpağını azad etmək istəyən və düzgün mövqedə dayanan Azərbaycan xalqı bu terror aktından daha da hiddətlənərək Şuşanı, digər yerləri azad edərək həm də buradakı şəhidlərin xatirəsini unutmadı. Düzdür, ölən uşaqları xatırladıqda bunları demək heç də asan deyil, lakin heç bir həyat hədər getmir. Siz müsəlmanlar bilirsiniz ki, Uca Allah hər bir insanın taleyinə bələddir. O bizə can verir, sonra da onu geri alır. Buna görə də mən fikirləşirəm ki, bu hadisə Şuşanı, Laçını azad edən əsgərlərin qəlbini polada döndərdi. Kaş ki, bu hadisə yaşanmazdı, amma nə edəsən ki, oldu. Və Azərbaycanın qələbəsi təkcə Azərbaycan xalqı üçün deyil, həm də dünya üçün haqq-ədalətin təntənəsidir. Dünyada böyük haqq-ədalətsizlik mövcuddur. İmperializm sərhədləri dəyişmək, insanları öldürmək, müəyyən iqtisadi qazanclar əldə etmək üçün raket və bombalardan istifadə edir. Lakin siz sübut etdiniz ki, yekunda insan həmrəyliyi və cəsarəti daha üstündür. Mən Gəncə sakinlərinə başsağlığı verirəm. Çox təəssüf edirəm ki, burada istifadə edilən silah Rusiyadan gətirilmiş silah olub. Biz çalışacağıq ki, Cənubi Qafqaz sülh diyarı olsun. Bu münaqişənin sülh yolu ilə həll edilməsini arzu edərdik, lakin məlum oldu ki, müharibəsiz də mümkün deyil. Bəzən müharibə ağlını itirmiş insanı özünə qaytarmaq üçün aparılan əməliyyata bənzəyir. Mən ümid edirəm ki, nə vaxtsa bu raketlərin uçub gəldikləri həmin yerlərdəki insanlar da özlərinə gələcək və öz xalqlarını, Qafqazı hara aparıb çıxardıqlarını anlayaraq peşman olacaqlar”, - deyə M. Şevçenko vurğulayıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR