Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı olub
# 14 oktyabr 2020 14:36 (UTC +04:00)

2020-ci ilin 14 oktyabr tarixində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, telefon danışığı Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü əsasında baş tutub.

Nazir Ceyhun Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginliklə bağlı məlumat verib. O, 14 oktyabr tarixində gecə saat 1-də və daha sonra səhər saat 8-də Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunu ilə sərhəd olan ərazidə öz raket sistemlərinin Azərbaycan ərazisini atəşə tutmaq məqsədilə hazırlıq vəziyyətinə gətirildiyi və Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdiyini Sergey Lavrovun diqqətinə çatdırıb.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin özünü müdafiə etmə hüququ çərçivəsində və öz mülki əhalisini müdafiə etmək məqsədilə, eləcə də mülki əhaliyə və Gəncə və Mingəçevir şəhərləri daxil olmaqla mühüm əhəmiyyət kəsb edən infrastruktura Ermənistan tərəfindən həyata keçirilmiş sonuncu raket hücumu nəzərə alınaraq hərəkət etdiyini vurğulayıb. Beləliklə növbəti insan faciəsinin qarşısı alınıb və çox sayda azərbaycanlı mülki şəxslərin həyatı xilas edilib.

Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Xarici İşlər naziri S. Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. Həmçinin, Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında humanitar atəşkəsə riayət olunması üçün monitorinq mexanizminin təsis edilməsinin vacibliyini bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR