Hərbi Qənimətlər Parkı: Erməni əsgərlər və düşmən səngərləri Bakının mərkəzində - REPORTAJ - FOTOLAR - VİDEO

Hərbi Qənimətlər Parkı: Erməni əsgərlər və düşmən səngərləri Bakının mərkəzində - REPORTAJ - FOTOLAR - VİDEO
# 14 aprel 2021 12:25 (UTC +04:00)

“Ay oğul, kömək elə uşağı daşın üstünə qaldıraq”. - Əli əsalı, yaşlı kişidir, yanında da 5-6 yaşlarında oğlan uşağı.

Dinməzcə uşağın qoltuğundan yapışıb yeraltı keçidin daş sürahisinin üstünə qaldırıram.

Buradan mənzərə bir qədər yaxşı görünsə də, arxadakı dəmir çəpər yenə mane olur.

Deyirəm, niyə tələsirsiniz, (bu gün aprelin 13-dür – M.A.) sabahdan girişə icazə veriləcək, gəlib rahat gəzərsiniz, həm də yaxşı şəkillər çəkdirərsiniz.

“Hardan, ay bala? Qəbələdən gəlmişəm”. - Kişi yanındakı körpənin şəklini çəkə-çəkə deyir. - “Eşitdik, bura açılıb, dedik gələk dövlətimizin gücünü gözlərimizlə görək, nəvəm də istəyirdi. Deyirlər, buraxılış sabahdır. Bizsə axşam qayıdasıyıq. Eybi yox, burdan baxarıq”.

Uşaq babasına sarı dönür və əlilə “V” işarəsi tutaraq telefonun kamerasına gülümsəyir. Arxada isə hərbi qənimət kimi ələ keçirilmiş düşmən tankları, topları, silah-sursatları...

***

Bura Hərbi Qənimətlər Parkıdır. Bakı bulvarında, açıq hava altında muzey. Aprelin 12-də ölkə başçısı açılışını elədi, aprelin 14-dən isə Park ziyarətçilərin gəlişi üçün tam hazır olacaq. Buna baxmayaraq, artıq bu gündən - necə deyərlər - şəhərimizin sakinləri və qonaqları (bayaqkı baba və nəvə kimi) axın-axın Parkı ziyarətə gəlirlər.

Hərbi Qənimətlər Parkının - mən deyərdim muzeyin - ərazisinə daxil oldunuzmu, ilk növbədə informasiya guşəsi və onunla üzbəüz qoyulmuş suvenirlər pavilyonu ilə qarşılaşırsınız. Burada Qarabağa, Vətən Müharibəsinə həsr olunmuş, üzərində “Noldupaşinyan”, “Zəfərbizimdir”, “QarabağAzərbaycandır” yazılmış maykalardan, kepkalardan tutmuş, kəlağayılara, tirmələrə qədər müxtəlif geyim əşyaları ilə yanaşı, qızıldan Xarıbülbül, Qarabağın ərazisi həkk olunmuş klonlu boyunbağılar, hətta “Qarabağ atı”, “Pənahəli xan”, “Xurşudbani Natəvan” adlı ətirlər görə bilərsiniz. Özümü saxlaya bilməyib, göy flakonlu “Xurşudbani Natəvan” ətrinin spreyini sıxıram.

Şirin bir qoxu pavilyona yayılır.

“Hansı ətirdir?” - bizimlə povilyona baxan xanım həmkarlarımdan biri dərhal soruşur.

“Xurşidbanu Natəvan” ətridir”, deyirəm və flakonun yerini göstərirəm.

“Nə qəşəng ətri var!” - Xanım həmkarım heyrətini gizləyə bilmir.

Bir-birindən maraqlı suvenirlərlə zəngin pavilyondan çıxıb gəzintimizə davam edirik. Girişlə üzbəüz meydanda Azərbaycan bayrağı dalğalanır, arxada isə Ermənistan maşınlarının nömrə nişanlarından yer aldığı, üzərinə “Qarabağ Azərbaycandır” şüarı yazılmış lövhə. Yadınızdadırsa, Zəfər paradı zamanı bu lövhə də nümayiş olunmuşdu, hazırda Parkda öz yerini tutub.

Onunla yanaşı isə 44 günlük Vətən Müharibəsi zamanı baş verənlərin xronoloji ardıcıllıqla qeyd olunduğu başqa bir iri lövhə - infoqrafika yerləşir. Bu infoqrafikada 27 sentyabrdan 10 noyabra qədər təkcə ordumuzun əldə etdiyi uğurlar deyil, eləcə də ermənilərin Gəncədə, Bərdədə, Tərtərdə dinc sakinlərə qarşı törətdikləri hərbi cinayətlər haqda məlumatlar da yer alıb. Qısacası müharibədən xəbəri olmayan, ələlxüsus da xarici turistlər bura baxaraq, hərbi əməliyyatların gedişatı ilə günbəgün tanış ola bilərlər.

Meydançada daha üç pavilyon yer alır ki, bu pavilyonlardan ikisində Ermənistan Silahlı Qüvvələrinin istifadə etdiyi, çoxu işlək vəziyyətdə olan silahlar və hərbi sursatlar nümayiş etdirilir. Bunlardan avtomatları, minaatanları, pulemyotları, qumbaraatanları qeyd etmək olar. Deyim ki, ekspozisiya yüksək zövqlə tərtib olunub, işıqlandırılması da öz yerində...

Digər pavilyonda Şuşaya atılmış “İskəndər M” raketlərinin qalıqları nümayiş olunur.

Bir az aralıda, açıq hava altında isə “Smerç” və “Toçka U” raketlərinin hissələri sərgilənir. Bu silahlar Ermənistanın hərbi təcavüzünün miqyasını anlamaq üçün bəs edir. Raketlərə tamaşa etmək, hətta yaxınlaşıb üzərindəki yazıları, detallarını diqqətlə nəzərdən keçirmək mümkündür. Bəlkə də bura dünyada yeganə yerdir ki, adını çəkdiyimiz raketləri mülki insanlar belə yaxından görə bilərlər.

Ümumilikdə, 300-dən çox hərbi eksponatın nümayiş olunduğu Parkın ərazisi beş hektardır. Haqqında bəhs etdiyimiz ekspozisiyalardan savayı, burada düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası - tanklar, toplar, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa”, KUB zenit-raket kompleksləri və digər eksponatlar sərgilənir. Çoxu Vətən Müharibəsi dövründə vurulma anlarının videolarını gördüyümüz texnikalar olsa da, bəziləri saz vəziyyətdədir. Bu vurulmuş, üzərində müharibənin izlərini daşıyan hərbi texnikalara baxdıqca, müharibə vaxtı gördüyümüz həmin videolar gözümün qabağında yenidən canlanır. Bəli, 44 günlük Vətən Müharibəsi dünya üçün də müasir silahlar və döyüş strategiyası ilə yeni və çağdaş bir müharibə oldu. O baxımdan Hərbi Qənimətlər Parkı təkcə düşmənin ağır hərbi texnikalarının nümayiş edildiyi ərazi yox, həm də XX əsrdə qalmış, köhnəlmiş hərb taktikasının da qəbiristanlığı, məzarlığı sayılmalıdır. Azərbaycan ordusu özünün rəşadəti ilə köhnəlmiş hərb taktikasını tarixin qaranlıqlarında basdırıb üstündə bu əzəmətli Parkı ucaltdı.

Hə, unutmadan onu deyim ki, Parkda hərbi texnikalar necə gəldi nümayiş olunmayıb, ekspozisiyaların tərtibatına olduqca yaradıcı yanaşılıb.

Məsələn, işıq dirəkləri boş mərmi gilizlərindən, skamyalar mərmi yeşiklərindən düzəldilib. Zibil qabları isə tank mərmisinin barıtatıcılarının futlyarından hazırlanıb. Düşmən dəbilqələrindən hazırlanmış ekspozisiya isə tamam ayrı aləm, əsl instalyasiya nümunəsidir.

Təxminən beş metr uzunluğunda keçid boyu hər iki tərəfdən sallanan zəncirlərdən dəbilqələr asılıb. Bu tunel kim yerdən keçib getdikdə sanki düşmən ordusunun içindən adlayırsan, istər-istəməz vahimə basır: çox yox, cəmi beşcə ay əvvəl bu dəbilqələr boş deyildi, onlardan bizə qəzəbli düşmən baxışları sancılmışdı. İndi isə dəlisov Bakı küləyinin şapalağı ilə bir-birinə toxunan dəbilqələrdən yayılan zəng səsi ekspozisiyanın yaratdığı ovqatı ikiqat artırır, bu paslı dəbilqələrin çırpınışı əcəl zənginə çevrilərək özü uzaqlarda olsa da, qulağı hər zaman bizdə olan düşmən üçün rekviyem kimi cingildəyir.

Ekspozisiyalar bununla bitmir. Otuz illik işğal dövründə düşmənin haqqında hər dəfə fəxrlə bəhs etdiyi on elementdən ibarət mühəndis-maneə sisteminin birəbir əksi də burada nümayiş olunur.

Qarabağa səfərlər zamanı Füzulidə, Cəbrayılda, Zəngilanda bu cür mühəndis-maneə sistemlərindən çox görmüşdük, indisə bu sədlərin eynisi Bakının mərkəzində quraşdırılıb, Qarabağa gedə, o maneələri canlı görə bilməyənlər düşmənin necə müdafiə mövqeyi yaratdığını, Azərbaycan əsgərinin hansı sədləri yardığını görə bilər.

Bu ekspozisiya sayəsində müharibənin gedişatını əyani şəkildə təsəvvür etmək mümkündür.

Mühəndis-maneə sistemlərinin elementləri aşağıdakılardır:

1. beş metr enində, 3-4 metr dərinlikdə tank əleyhinə xəndək;

2. mina sahəsi;

3. tank əleyhinə beton dirəklər;

4. tank əleyhinə metal kirpilər;

5. alçaq dirəklər üzərində tikanlı məftildən tor;

6. hündür dirəklərdə məftilli tor;

7. piyada əleyhinə mina sahəsi;

8. az nəzərə çarpan məftil maneəsi;

9. üçcərgəli lent tipli məftil maneəsi;

10. səngər üzərində lent tipli məftil maneəsi.

Bir anlıq da olsa bu maneələri keçən tanklarımızı və ya əli-ayağı tikanlı məftillərə ilişən, qarşıdakı səngərdən isə güllə yağışına tutulan əsgərlərimizi düşünün. Onlar necə böyük maneələri aşaraq bizə zəfəri dadızdırıblar. Fikirləşəndə ki, elə müharibə başlanan gün, sentyabrın 27-dəcə ordumuz bir neçə saat ərzində bu aşılması namümkün maneələri keçərək düşmənə sarsıdıcı zərbələr endirib heyrətlənməyə bilmirsən.

O baxımdan şəhərin mərkəzində salınan Park ordumuzun rəşadətini nümayiş etdirməyə bəs edir. Dediyim kimi, bunu biz bilirik, bundan sonra Parka baş çəkən turistlər də qələbəni hansı çətinlik və mərdlik hesabına əldə etdiyimizi görəcəklər.

Gerçəkdə bu maneələrdən sonra düşmənin səngərləri gəlir ki, parkın ərazisində onların da maketi hazırlanıb.

Beton dirəklər, maşın şinləri ilə möhkəmləndirilmiş torpaqda qazılan istehkamları gəzərkən özünü düşmən səngərində hiss edirsən. Burada istifadə olunan hər bir eksponat həqiqidir. Odun sobasının üstündəki çaydan da, yanındakı odun qalağı da, stolun üzərindəki dəmir qab-qacaq da, rabitə qurğuları da, lap elə düşmən “anbar”ındakı kiflənmiş qarabaşaq, un, lobya kisələri də bu yaxınlara qədər düşmən tərəfindən istifadə olunub. Hələ də üzərində düşmənin əl izləri var.

Düşmən əsgərlərinin mulyajları isə bu tabloya realistik rəng qatır. Elə bil həqiqətən düşmən ordusunun içindəsən. Yoxsa fotoqrafımız İlkin səngərlərdən birində qəfil qabağına çıxan, bizə “güllə” atan əsgəri görüb diksinməzdi.

Səngəri gəzdikcə düşmən əsgərlərinin həyat tərzi ilə lap yaxından tanış olmaq mümkündür. Divarlardakı ermənicə lövhələrə qədər hər şey “əsli ilə düzdür” deyir. Sifətlərinə miskinliklə yanaşı, qorxu və çarəsizlik də həkk olunmuş bu şarj-mulyajlar isə mənzərəyə bir az da teatral ovqat bəxş edir və bu zaman istər-istəməz tamaşaçının çöhrəsinə yüngül gülüş də qonur ki, mən elə bilirəm hər bir qalib azərbaycanlının bu gülüşə haqqı çatır. Bu saqqallı, üzündən çarəsizlik yağan, sığınacaqda gizlənmiş əsgərləri gördükcə mənim yadıma müharibənin qızğın vaxtı müsahibə verib PUA-larımızın səsini eşitcək qaçıb gizlənən, başını səngərdən çıxarmağa qorxduqlarını etiraf edən erməni zabit düşür. Bir də o məşhur şəkil... Cındırından cin hürkən, yaşlı ermənilərdən ibarət o şəkil. Guya Qarabağa döyüşməyə gəlirdilər. İndi qarşımda dayanmış bu mulyajlar həmin o gerçək “mumya”lara necə də bənzəyir.

Hərbi Qənimətlər Parkındakı ekspozisiyalar bunlarla bitmir. Haqqında danışa bilmədiyimiz hələ nə qədər eksponat qaldı. Onlar barəsində daha çox yazmaq, daha ətraflı məlumat vermək olar. Ancaq nə hacət... Ən yaxşısı gəlib öz gözün görməkdir. Mənə isə ümid etmək qalır. Ümid edək ki, gələcəkdə parkın ekspozisiyası daha da zənginləşəcək. Eləcə də indi sərgilənən kreativlik bir qədər də təkmilləşdiriləcək və Hərbi Qənimətlər Parkı təkcə Vətən Müharibəsi uğurlarımızı özündə əks etdirən bir ərazi kimi deyil, həm də muzey kimi incəsənət sahəsində əhəmiyyətli yer tapacaq.

Çünki buna layiqdir...

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR