Jurnalistlər Sarı Aşığın və Güləbird şəhidlərinin məzarını ziyarət edib - FOTO

Jurnalistlər Sarı Aşığın və Güləbird şəhidlərinin məzarını ziyarət edib - FOTO
  • Clock-gray 17:02
  • calendar-gray 18 Fevral 2021

İşğaldan azad olunmuş ərazilərə səfər edən media nümayəndələri Laçın rayonunun Güləbird kəndindəki məzarlığı ziyarət ediblər.

APA-nın əməkdaşının məlumatına görə, jurnalistlər burada bir sıra məzar və tarixi abidələrin məhv edildiyinin şahidi olublar.

Aşıq ədəbiyyatının görkəmli ustalarından Sarı Aşığın məzarı da tanınmaz hala salınıb. Məzarın üzərindəki türbə tamamilə dağıdılıb, o cümlədən türbənin qarşısında ucaldılmış abidə kompleksi məhv edilib.

Qəbiristanlıqda IX əsrə aid sənduqə və daş heyvan fiqurları da erməni vandalizmi ilə üzləşib. Sənduqə və heyvan fiqurlarının çoxu oğurlanıb.

Güləbird kəndinin Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 15 şəhidindən 8-i bu məzarlıqda dəfn edilib. Onların da məzarları erməni vandalizminin qurbanı olub. Şəhidlərin məzarları dağıdılıb.

Güləbird işğaldan azad olunandan sonra şəhidlərin məzarları olan yerə onların şəkilləri düzülüb.

Qeyd edək ki, XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşıq Laçın rayonun Güləbird kəndində dəfn edilib. Onun məzarı əsrlər boyu yerli əhalinin ziyarət yeri olub.

Laçın rayonu işğal altında düşdükdən sonra erməni vandalları Sarı Aşığın qəbrini 1993-cü ildə tamamilə dağıdıblar.

Gülşən Hacıyeva

Digər xəbərlər