Qarabağ Dirçəliş Fondunun sədri Tural Gəncəliyevlə görüşüb

Qarabağ Dirçəliş Fondunun sədri Tural Gəncəliyevlə görüşüb
# 12 mart 2021 18:23 (UTC +04:00)

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevlə görüşüb.

Qarabağ Dirçəliş Fondundan APA-ya verilən məlumata görə, martın 11-də İcmanın ofisində baş tutan görüşdə İcmanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova, Media və Kommunikasiya şöbəsinin müdiri Əhməd Mahmudov, yazıçı-publisist Məqsəd Nur və başqaları iştirak ediblər.

Görüş zamanı İcmanın rəhbəri və nümayəndələri təşkilatın son illərdə həyata keçirdiyi müxtəlif layihələrdən danışıblar. Bu layihələr arasında erməni işğalının nəticələri ilə bağlı reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması, habelə Qarabağın tarixinin yerli və xarici auditoriya arasında populyarizasiyası kimi təşəbbüslər də az deyil.

Tural Gəncəliyev Xankəndindən olan seçicilərin vəziyyəti, postmüharibə dövründə İcmanın gözləntiləri və tezliklə doğma torpaqlara qayıtmaq arzusu barədə də danışıb.

İcma rəhbərinin sözlərinə görə, Azərbaycan diasporunun nümayəndələri də İcma və Qarabağ Dirçəliş Fondu ilə birlikdə layihələrdə iştirak etməyə hazır olduqlarını bildirirlər: "Biz də öz tərəfimizdən bu əməkdaşlığa dəstək verməyə çalışacağıq", - deyə o bildirib.

Fondun sədri Rəhman Hacıyev isə görüş iştirakçılarına təşkilatın müvafiq strukturlarının yaradılması istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun qarşısında qoyduğu məqsəd və vəzifələrdən danışıb: “Fondun qarşısında duran əsas vəzifələrdən biri Qarabağın dirçəldilməsi üzrə müvafiq layihələrə yönəldiləcək ianələrin və qrantların cəlb olunmasıdır”.

Onun sözlərinə görə, ən yaxın vaxtlarda Fondun strateji və fəaliyyət planları işlənib hazırlanacaq.

Rəhman Hacıyev bildirib ki, Fond öz fəaliyyəti çərçivəsində müxtəlif layihələr, o cümlədən Qarabağın maddi dəyərlərinin bərpasına, sərmayələrin cəlb olunmasına və insan kapitalının inkişafına yönəldilmiş layihələr həyata keçirəcək.

“Cənab Prezident öz çıxışlarında insan kapitalının inkişafının xüsusi əhəmiyyətini dəfələrlə vurğulayıb. Dövlət başçısının bəyanatlarını tapşırıq kimi qiymətləndirən Fond bu istiqamətə xüsusi diqqət yetirəcək. Çünki hər hansı təşəbbüsün, xüsusilə də işğaldan azad edilmiş torpaqların bərpası və reinteqrasiyası kimi möhtəşəm bir təşəbbüsün uğurunu məhz insanlar müəyyənləşdirir”, - deyə R.Hacıyev bildirib.

Fondun sədri qurumun vəzifələri arasında Azərbaycan Respublikasının Qarabağ bölgəsinə investisiyaların cəlb edilməsi prosesinin təşviqini, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsini, habelə yerli və beynəlxalq ictimaiyyət arasında Qarabağın tarixi, erməni işğalı nəticəsində dəymiş zərərlə bağlı reallıqları və bu regionun bərpası prosesi haqqında məlumatların yayılmasını sadalayıb.

Görüş zamanı dövlət başçısının tapşırığına əsasən, Qarabağda həyata keçirilən bütün layihələrin dünyanın ən yüksək standartlarına uyğun olacağı qeyd edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji” zonasına, “ağıllı şəhər” və “ağıllı kənd” kimi mütərəqqi konsepsiyaların həyata keçirilməsi üçün platformaya çevriləcəyi ilə bağlı sözləri nümunə kimi göstərilib.

Görüş iştirakçıları işgüzar ünsiyyətin davam etdirilməsi və bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi barədə razılığa gəliblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR