Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
  • Clock-gray 11:30
  • calendar-gray 26 Noyabr 2020

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bəyanatda bildirilib ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir. BMT-nin müvafiq qətnamələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Vəziyyət belə olduğu halda Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çəkilməsi çağırışını etməsi ciddiyə alınmayacaq dərəcədə gülünc, tərəfkeş və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür. Bu qərar Fransanın münaqişənin həllinə həqiqi mənada töhfə vermək imkanını da məhdudlaşdırır”, - deyə qeyd olunub.

Bildirilib ki, Fransa hökumətinin de qəbul edə bilməyəcəyi qərarda Türkiyənin adının hallanması təəccüblü olmasa da, düşündürücüdür və bir-biri ilə əlaqəsi olmayan mövzulara son dərəcə xətalı istinadlardan qaçmaq lazımdır, bu, münasibətlərin pozulmaması baxımından da faydalıdır: “Təxminən 30 ildir davam edən Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hazırkı mərhələdə Fransanın artıq doğru nəticələr çıxararaq bölgənin sabitliyə qovuşması üçün konstruktiv bir davranış mənimsəməsini ümid edirik. Bunun üçün mövcud həqiqətlərdən çıxış edərək beynəlxalq hüquqa uyğun qalıcı həllə nail olmaq üzrə səy göstərilməsi yetərli olacaq. Türkiyə demək olar yaxınlığında illərdir davam edən bu münaqişənin regional sülh və sabitliyə töhfə verəcək şəkildə həll edilməsi üçün digər tərəfdaşları kimi Fransa ilə də birlikdə çalışmağa hazırdır”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər