Sabir Rüstəmxanlı: “Ənvər Əliyevin qarşısına hansısa tələb qoymuşuqsa, Həcc bizə qənim olsun, o yalan danışırsa, Həcc ona qənim olsun”

Sabir Rüstəmxanlı: “Ənvər Əliyevin qarşısına hansısa tələb qoymuşuqsa, Həcc bizə qənim olsun, o yalan danışırsa, Həcc ona qənim olsun”
# 19 dekabr 2006 14:03 (UTC +04:00)
“Partiyanın qarşısına qoyulmuş tələblər Ənvər Əliyev tərəfindən yerinə yetirilmədiyi üçün onun MSK-ya yenidən göndərilməməsi ilə bağlı deyilmiş fikir yalandır. Ənvər Əliyev Həccə getmiş adamdır. Əgər biz onun qarşısına hansısa tələb qoymuşuqsa, Həcc bizə qənim olsun, o yalan danışırsa, Həcc ona qənim olsun”. Bu sözləri APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib. Xatırladaq ki, VHP-ni MSK-da təmsil etmiş Ənvər Əliyev ötən gün APA-ya açıqlamasında hakimiyyət tərəfindən VHP-nin qarşısına qoyulan tələbləri yerinə yetirmədiyi üçün MSK-ya yenidən nümayəndə göndərilmədiyini açıqlayıb. S. Rüstəmxanlı belə fikirləri eşidərkən çox dilxor olduğunu bildirib: “Nəyə görə Ənvər Əliyev bir il əvvəl belə fikirlər işlətmirdi, amma partiya MSK-ya yeni nümayəndə göndərdikdən sonra bu ittihamlara başlayıb? Adam işlədiyi kollektiv haqqında belə danışmaz. Neçə il bir yerdə işləmişik, partiyamızın üzvü olub. Adam bütün körpüləri yandırmaz. Mən həmişə ona hörmətlə yanaşmağa çalışmışam. Amma bu qədər ağ yalanın qarşısında susmaq mümkün deyil. Ona görə də yalan deyənə Həcc qənim olsun. Həccə getmiş bir adam belə açıq yalan danışırsa, o özü vicdanı qarşısında hesabat verməlidir”. S. Rüstəmxanlının sözlərinə görə, MSK üzvünün dəyişdirilməsinə səbəb partiyada kifayət qədər xidmətləri olan şəxslərin irəli çəkilməsidir: “Ənvər Əliyevi göndərdik, beş il maaş aldı, dolandı. İndi də başqasını göndərmək istəyirik. Biz hakimiyyətdən demokratiya, kadr dəyişiklikləri tələb ediriksə, birinci buna özümüz əməl etməliyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR