Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının müşaviri Tofiq Hüseynlinin şikayətinə baxacaq

Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının müşaviri Tofiq Hüseynlinin şikayətinə baxacaq
# 20 dekabr 2006 13:36 (UTC +04:00)
Müsavat Partiyası başqanının müşaviri, 2005-ci il parlament seçkilərində 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd olmuş Tofiq Hüseynlinin yerli “Simurq” televiziyasına qarşı qaldırdığı iddia əsasında sabah növbəti məhkəmə iclası keçiriləcək. APA-nın Qərb bürosunun məlumatına görə, seçki ərəfəsində “Simurq” televiziyası ilə deputatlığa namizəd Tofiq Hüseynli arasında müqavilə bağlansa da, sonradan tərəflər arasında problem yaranıb. Belə ki, T. Hüseynlinin çıxışı zamanı televiziyada işıqlar sönüb. T. Hüseynli telekanalın onun seçkidəki rəqibi Qənirə Paşayevanın xeyrinə fəaliyyət göstərdiyini bildirərək Tovuz rayon Məhkəməsində iddia qaldırıb və 400 milyon manat təzminat istəyib. Rayon məhkəməsi iddianı təmin etmədiyindən T. Hüseynli qərardan apellyasiya şikayəti verib. Sabah Apellyasiya Məhkəməsində keçiriləcək iclasa hakim Lətif Nəbiyev sədrlik edəcək. Müsavat Partiyası liderinin müşaviri bildirib ki, telekanal rəhbərliyi ilə müqaviləsi olmasına baxmayaraq, onun çıxışlarından biri efirə verilməyib: “Həmin çıxış üçün telekanala 3 milyon 720 min manat məbləğində pul ödəmişdim. Qaldırdığım iddiada həmin pulun geri qaytarılmasını da tələb etmişəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR