Azərbaycanın XİN başçısı Koreyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanın XİN başçısı Koreyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
# 28 dekabr 2006 14:01 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lyu Kuanq-çulu qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, E.Məmmədyarov son illər Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qonağın diqqətinə çatdıraraq, həm ikitərəfli şəkildə, həm də regionda uğurla həyata keçirilən irimiqyaslı iqtisadi layihələr çərçivəsində Koreya iş adamlarının fəaliyyəti üçün burada geniş imkanların mövcud olduğunu söyləyib. Eyni zamanda o, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq vasitəçiliklə aparılan danışıqlar prosesinə toxunaraq, münaqişənin indiyədək həll edilməməsinin ümumilikdə regiona davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına ciddi maneələr yaratdığını bildirib. Nazir ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində mövcud qarşılıqlı dəstəyin vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin mahiyyəti barədə danışıb.
Səfir L. Kuanq-çul Koreya ilə ölkəmizi bağlayan bir çox ümumi məqsədlərin olduğunu qeyd edərək, Koreya iş adamlarının Azərbaycanda xüsusən qeyri-neft sektorunda geniş investisiyalar qoymaqda maraqlı olduqlarını vurğulayıb. Görüşün sonunda səfir L.Kuanq-çul etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib və fəaliyyət göstərəcəyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR