Leo Platvoet: “Cənubi Qafqaz regionunda itkin düşmüşlərlə bağlı vəziyyətə dair hesabatın ilkin variantı hazırdır”

Leo Platvoet: “Cənubi Qafqaz regionunda itkin düşmüşlərlə bağlı vəziyyətə dair hesabatın ilkin variantı hazırdır”
# 09 yanvar 2007 13:25 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan, Ermənistan və Gürcüstanda itkin düşmüşlərlə bağlı məruzəçisi Leo Platvoet verib. O, hesabatın hazırlanması zamanı problemə siyasi deyil, daha çox insan hüquqları nöqteyi-nəzərindən yanaşmağa çalışdığını bildirib. “Hazırladığım hesabatda Cənubi Qafqazda münaqişələrə daha çox insan hüquqları baxımından yanaşmağa çalışmışam. Sənəddə daha çox Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi Qafqaz regionunda, əsasən də Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişə zonalarında rolunun artırılmasına dair tövsiyələrə geniş yer verilib”. Leo Platvoet hesabatın ilkin variantı ilə bağlı Azərbaycan tərəfdən hər hansı irad və təklifin daxil olmadığını bildirib. AŞPA məruzəçisinin sözlərinə görə, hesabatın yekin variantı AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında müzakirəyə çıxarılacaq. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə APA-ya verdiyi açıqlamada Leo Platvoetin hazırladığı hesabatın ilkin variantı ilə dekabrın 14-də Parisdə keçirilən toplantıda tanış olduğunu bildirib: “Sənədə üç ciddi dəyişikliyin edilməsinin zəruriliyini cənab Leo Platvoetin nəzərinə çatdırdım. Platvoet isə öz növbəsində dəyişikliklərdən ikisinin ediləcəyini, birini üzərində isə düşünüləcəyini dedi. Bu təklif sənədə “Dağlıq Qarabağ administrasiyası” ifadəsinin salınmamağı, yaxud bu adın dırnaq arasında verilməsi ilə bağlıdır”. Aydın Mirzəzadə apreldə qeyd olunan hesabatın müzakirəsində Azərbaycan tərəfdən millət vəkilləri Səməd Seyidov, Gültəkin Hacıyeva və Əkrəm Abdullayevin iştirak edəcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR