Bəhruz Məhərrəmov: Böyük Qayıdış qərarlı olduğumuzu göstərməkdədir

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 17 noyabr 2022 16:12 (UTC +04:00)

“Real müstəqilliyə aparan əməli Milli dirçəliş Ümummilli Liderin məhz 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərini çıxarmağa nail olması və üçrəngli bayrağın Naxçıvanda rəsmi bayraq kimi qəbul etməsi ilə başlayıb. Bunu belə bilək, çünki artıq tarixi proseslərə münasibətdə romantizmdən realizmə keçməyin vaxtıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Milli Dirçəliş Gününü 1992-ci ildən qeyd etsək də, dirçəliş məfhumunun əsl mahiyyətini 2020-ci ilin 8 noyabr tarixində başa düşdük, Prezident İlham Əliyev Qələbə nitqində “Şuşa, biz səni dirçəldəcəyik” deyəndə, biz xalq olaraq bu sözün tam fəlsəfəsinə vardıq: “Bu gün, post müharibə dövründə isə biz hədəfə doğru inamla, qətiyyətlə irəliləməklə sözün əsl mənasında dirçəlirik. Elə dünən təsdiq edilən “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı” bu dirçəlişdə bizim nə qədər qərarlı olduğumuzu, qətiyyətlə irəlilədiyimizi dünyaya göstərməkdədir. Bizim yalnız Qarabağ və Şərqi Zəngəzurda həyata keçirəcəyimiz bu proqram bütövlükdə bir çox dünya dövlətlərində həyata keçirilən ölkə miqyaslı proqramlardan daha əhatəlidir”.

Deputat qeyd edib ki, ilin əvvəlində yerli televiziyalara müsahibəsində Prezident mürəkkəb bir dönəmin proqnozunu vermiş, amma bildirmişdi ki, xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımızla bütün ssenarilərə, istənilən varianta hazırıq:

“Hazırda müzakirəmizdə olan 2023-cü ilin dövlət büdcə layihəsi də Prezidentin həm vizyonunda, həm vədində nə qədər haqlı olduğunu göstərməkdədir. Azərbaycan 2030 sosial iqtisadi inkişafa dair prioritetləri müəyyən olunarkən dövlətimizin yeni inkişaf magistralının ideoloji nüvəsi təsbit edib və büdcədən gözləntilərimiz ilk növbədə bu ideoloji nüvənin ətrafında cərəyan etməlidir. Digər tərəfdən, həssas bir dönəmdəyik, reallıq duyğusundan, uzaqlaşmamalıyıq, ilk növbədə müstəqillik dövründə hansı tarixi təkamül yolu keçdiyimizi yaddan çıxarmamalıyıq. Məsələn unutmayaq ki, çox yox, cəmi 29 il əvvəl çörək növbəsinə dururduq. Amma bütün çətinliklərə rəğmən, tənəzzül və anarxiyanın hökm sürdüyü mürəkkəb tarixi dövrü inamla keçmişik. Heç kim də unutmasın ki, bu nailiyyətlər tarixi proseslərin təbii axarının nəticəsi olmayıb, biz Heydər Əliyev siyasi kursu və İlham Əliyev qətiyyəti nəticəsində sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkəyə çevrilmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR