Deputat: “Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsinin rəmzi mənası var”

Vüqar İskəndərov

© APA | Vüqar İskəndərov

# 23 aprel 2022 12:31 (UTC +04:00)

“44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük tarixi sınaqdan keçdi. Prezident-Ordu-Xalq birliyi bütün dünyaya bizim nələr edə biləcəyimizi göstərdi. Bu qələbə ilə biz yalnız cılız Ermənistana yox, onun havadarlarına da dərs verdik. Bu dərsi yəqin ki, tarix durduqca düşmənlərimiz həmişə acı da olsa, xatırlayacaq”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Vətən müharibəsində Azərbaycan diasporu da sınaqdan alnıaçıq, üzüağ çıxıb: “Ordumuz səngərlərdə düşmənlə döyüşərkən, diaspor təmsilçilərimiz də bütün dünyada erməni lobbisi ilə baş-başa gəldi. Çox sevindirici haldır ki, hər iki döyüş Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Məhz buna görə Dünya Azərbaycanlılarının Vətən müharibəsindən sonrakı Qurultayının Şuşada keçirilməsinin rəmzi mənası var”.

Vüqar İskəndərov qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə həm hərbi-strateji, həm də mənəvi cəhətdən düşmənin müqaviməti tam qırılıb: “Digər tərəfdən, Şuşa mənəvi cəhətdən də həmişə xalqımızın həyatında mühüm rol oynayıb. Qafqazın mədəniyyət beşiyi sayılan Şuşa Azərbaycana yüzlərlə görkəmli şəxsiyyət bəxş edib. Burada olan tarixi abidələr, mədəniyyət obyektləri Azərbaycan tarixinin mühüm parçasıdır. Biz çox xoşbəxt insanlarıq ki, bu günləri yaşayırıq.

Biz artıq yeni dövrə qədəm qoymuşuq və cənab Prezidentin bəyan etdiyi kimi, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Əminəm ki, Zəfər qurultayının iştirakçıları bundan sonra da Azərbaycanın əsgəri kimi yaşadıqları ölkələrdə bayrağımız, xalqımız, vətənimiz naminə var gücləri ilə çalışacaqlar”.

Deputat onu da bildirib ki, bundan sonra da diaspor nümayəndələrimizin üzərinə böyük məsuliyyət düşür: “Yaxşı olardı ki, onlar yaşadıqları ölkələrin ictimaiyyətini Azərbaycan reallıqları, postmünaqişə dövrü, Azərbaycan tarixi və s. haqqında məlumatlandırmağa davam etsinlər. Cənab Prezidentin də qeyd etdiyi kimi, tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Bunu unutmaq olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR