Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi qaydası təsdiqlənib

Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi qaydası təsdiqlənib
# 19 sentyabr 2022 11:14 (UTC +04:00)

“Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qaydaya əsasən, təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarlarını və qaydasını, həmçinin bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) arasında məlumatların mübadiləsi ilə bağlı məsələləri tənzimləyir. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi Torpaq Məcəlləsinə əsasən müəyyən olunur və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

Təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:

- torpaqların bitkiçilik məhsullarının istehsalı üçün əkin və ya çoxillik əkmələrin altında olması və yaxud dincə qoyulması;

- torpaqlardan heyvandarlığın təşkili və inkişafı üçün biçənək, örüş, yay və qış otlağı kimi istifadə edilməsi;

- torpaqların meşə zolaqlarının, bataqlıqların, sututarların (su fondu torpaqları istisna olmaqla) altında olması;

- torpaqlardan kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədlərinə istifadə edilməsi üçün nəzərdə tutulan müvafiq ekoloji və texniki tələblərə uyğun quraşdırılmış kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların altında olması

Təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:

- torpaqların radioaktiv və kimyəvi çirklənməyə məruz qaldığı üçün Torpaq Məcəlləsi ilə müəyyən olunmuş qaydada kənd təsərrüfatı dövriyyəsindən çıxarılaraq istifadə edilməməsi;

- torpaqların ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qaldığı üçün Torpaq Məcəlləsi ilə müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılaraq istifadə edilməməsi;

- suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə torpaqların münbitliyinin artırılması istiqamətində həyata keçirilən meliorativ tədbirlərlə bağlı həmin torpaqlardan istifadə edilməməsi;

- torpaqların suvarma şəbəkəsi və suvarma suyu ilə təmin olunmadığından onların istifadə edilməməsi;

- Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin (minalardan təmizləmə yekunlaşanadək) istifadə edilməməsi;

- iqlim dəyişiklikləri və torpağın keyfiyyət və kəmiyyət göstəricilərinə təsir edən digər amillər nəticəsində torpaqların bitki örtüyünün deqradasiyası səbəbindən onlardan istifadə edilməməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR