Qüdrət Həsənquliyev deputatların qanunvericiliklə bağlı təkliflərinə münasibətdən narazılıq edib

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 17 fevral 2023 16:12 (UTC +04:00)

“Mən kiməsə faizlə borc vermək istəyirəm. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, mən borc verə bilərəm, ancaq müntəzəm borc verə bilmərəm. Layihədə qeyd olunub ki, müntəzəm borcu kredit təşkilatları verə bilər. Yaxşı, mən ayda, ildə neçə dəfə faizlə borc verə bilərəm? Mənim komitədə qoyduğum sual bununla bağlı idi, müntəzəm məsələsinə aydınlıq gətirilməsini istəmişdim. Ancaq qanunvericilik subyekti deyib ki, layihə dəyişə bilməz”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdət Həsənquliyev deyib ki, deputatların qanunvericiliklə bağlı təkliflərinə, təşəbbüslərinə xüsusi iradla yanaşmaq düzgün deyil: “Yəqin fikirləşirlər ki, sabah Prezident bilsə deyər ki, niyə layihə hazırlananda bu məqam diqqətinizdən qaçıb. Buradakı 125 deputatın da işi odur ki, qanunlarda boşluqlar olanda bunu nəzərə çatdırsın. Mən müntəzəm məsələsinə işçi qaydada aydınlıq gətirilməsi üçün müraciət etmişdim. Bununla bağlı layihəyə bir qeyd əlavə etmək olardı. Ancaq bu cür təşəbbüslərə belə reaksiya göstərilməməlidir. Bir məqamı xatırlatmaq istəyirəm. Bir qanun layihəsinin müzakirəsi zamanı təklifimizə uyğun olaraq dəyişikliklə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili demişdi ki, təklif nəzərə alınaraq qanun layihəsinə dəyişiklik olub, “o cümlədən” sözü “habelə” sözü ilə əvəzlənib. Əslində, bunlar sinonim sözlərdir və bunu qanun layihəsində dəyişiklik kimi təqdim etmək də düzgün deyildi”.

Qeyd edək ki, bu gün Milli Məclisdə Mülki Məcəlləyə dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb. Deputat Nurlan Həsənov bildirib ki, Qüdrət Həsənquliyevin layihə ilə bağlı bir təklifi olub və bu təklif qanunvericilik subyekti tərəfindən qəbul edilməyib. Nurlan Həsənov Qüdrət Həsənquliyevin təklifinin mahiyyəti açıqlamamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR