TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycan üçün bir sıra vacib məsələlər yer alıb

TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycan üçün bir sıra vacib məsələlər yer alıb
# 29 aprel 2023 16:16 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, aprelin 27-28-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XII Plenar İclası keçirilib. İclas Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.

APA xəbər verir ki, bəyanatda Azərbaycan üçün bir çox vacib məsələlər əksini tapıb. Belə ki, sənəddə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və qarşılıqlı hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək bir daha təsdiq olunur və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və sülhün əldə olunmasında mühüm amil olacağına inam ifadə olunur.

Sənəddə, həmçinin qovulmuş etnik azərbaycanlıların hüquqlarının həyata keçirilməsinə, beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları üçün dinc səylərinə dəstək ifadə olunur. Bu, Cənubi Qafqazda regional barışıq və normallaşma üçün mühüm məqam hesab edilir.

Bəyannamədə münaqişədən sonra davam edən bərpa, yenidənqurma və reinteqrasiya səylərində Azərbaycan Respublikası ilə həmrəylik ifadə olunur, üzv və müşahidəçi dövlətlər bu prosesə dəstək və töhfə verməyə dəvət edilir, eyni zamanda bu istiqamətdə əldə etdiyi nailiyyətlər, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasında və regionun beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsində mühüm rol oynayan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılması münasibətilə Azərbaycana təbrik ünvanlanır.

Təşkilata üzv dövlətlər, həmçinin, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və onların Laçın-Xankəndi yolu ilə qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının narahatlığını nəzərə alır, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulan bu yoldan sui-istifadəyə qarşı keçirilən dinc etiraz aksiyaları ilə həmrəy olduğunu bildirir.

Qoşulmama Hərəkatına (QH) və onun Parlament Şəbəkəsinin (QHPŞ) Azərbaycan sədrliyinin Hərəkat çərçivəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə Bəyannamədə yüksək qiymətləndirilir, üzv ölkələr QHPŞ-nin müvafiq olaraq 2022-ci il 30 iyun-1 iyul 2022-ci il və 13 mart 2023-cü il tarixlərində keçirilmiş Bakı və Manama konfranslarına uğurla ev sahibliyi edilməsi münasibətilə təbriklərini bildirir və konfransların nəticələrini təqdir edirlər. Bundan başqa, 9-11 mart 2023-cü il tarixlərində 10-cu Qlobal Bakı Forumunun “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda uğurla təşkil edilməsi münasibətilə də Azərbaycan Respublikasına təbrik ifadə olunur.

Sənəddə siyasi müdrikliyi və rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və inkişaf tarixində silinməz iz qoymuş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması alqışlanır.

TÜRKPA-ya üzv dövlətlərin təmsilçiləri motivindən asılı olmayaraq, bütün forma və təzahürlərində terrorizmi birmənalı şəkildə pisləyir və terrorizmə qarşı güclü həmrəylik nümayiş etdirir, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolunu vurğulayır və üzv dövlətləri terrorizm, radikalizm, terrorizmə səbəb olan ekstremizm və separatizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə və bu məqsədlə beynəlxalq forumlarda səyləri əlaqələndirməyə çağırır.

Digər mühüm məqamlardan biri də sənəddə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı törədilən silahlı hücumun pislənilməsi və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırışın səsləndirilməsidir.

O cümlədən, Bəyannamədə nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi və regionun nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, tranzit potensialının artırılmasına töhfə verəcək Zəngəzur dəhlizinin tezliklə açılması daxil olmaqla, nəqliyyat infrastrukturunun daha da inkişaf etdirilməsi təşviq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR