Vüqar Rəhimzadə: “Avropa İttifaqı da yeni geosiyasi reallığı qəbul edir”

Vüqar Rəhimzadə

© APA | Vüqar Rəhimzadə

# 07 aprel 2022 15:55 (UTC +04:00)

“Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü, eyni zamanda, Ermənistan Baş nazirinin də iştirakı ilə üçtərəfli görüş mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı istər ölkəmizin qurumla, istərsə də quruma üzv dövlətlərlə münasibətlərində özünün aydın ifadəsini tapır. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi bütün məqamları özündə ehtiva edir. Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının ölkəmizlə münasibətləri, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi, Şarl Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas reallıqlarının təqdimatıdır. Ötən ilin dekabrında Brüsseldə sülh gündəliyinin əsası qoyulub. Aprelin 6-da keçirilən görüş də Brüssel gündəliyinin əsas tərkib hissəsi kimi dəyərləndirilir”.

APA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadənin sözlərinə görə, üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması əksini tapıb: “İki ölkənin Xarici İşlər Nazirlərinə bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Məlum olduğu kimi bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas şərtlərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsidir. Tarixi Zəfərimizdən bir ildən artıq keçməsinə baxmayaraq, Ermənistanın hələ də sülh təklifini imzalanmağa tərəddüd edir, ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunmasında maraqlı olduğunu hər bir bəyanatında vurğulayır. Amma istər ötən ilin dekabrın 14-də, istərsə də aprelin 6-da keçirilən görüşlərin sonunda qəbul olunan bəyanatda “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinad olmayıb. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və yeni səhifə açılıb. Artıq münaqişə həll olunub, Azərbaycan Ordusu dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin edib, işğala son qoyub. Bu gün postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinin zamanıdır. Azərbaycan ATƏT-in Minsk qrupundan postmünaqişə dövrü ilə bağlı yeni təklif gözləsə də, bunun da mümkünsüzlüyü göz önündədir. Belə olan təqdirdə onun uğursuz vasitəçilik missiyasını yenidən bərpa etməyə ehtiyac varmı? 44 gündə işğala son qoyaraq münaqişəni özü həll edən Azərbaycan üçün ATƏT-in Minsk Qrupu lazımsız təsisatdır. Artıq bu qurum tarixin arxivində yer alıb. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilən bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunduğu qeyd olunub: “Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Digər tərəfdən, postmünaqişə dövrünün əsas məsələlərindən biri işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin təmin olunmasıdır ki, bu da həmin torpaqlarımızın minalardan təmizlənməsinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi işğalçı Ermənistandan bu ərazilərin mina xəritələrinin verilməsini tələb etsə də, təqdim olunan iki xəritənin dəqiqliyi özünü doğrultmadı. Dövlət başçısı İlham Əliyev, həmçinin, keçirilən görüşlərdə itkin düşmüş şəxslərin tapılması məsələsini də gündəmə gətirir. Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Qurumun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, regionda etimad quruculuğunun həyata keçirilməsində maraqlı olması, üçtərəfli görüşlərin təşəbbüskarı kimi çıxış etməsi təqdir olunur. Əsas olan budur ki, Avropa İttifaqı qərəzsiz tərəfdir. Hər iki tərəfin quruma etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir məsələnin həllində vasitəçi, yaxud təşəbbüskar kimi çıxış edən tərəf neytrallığı qorumalı, hər iki tərəfə münasibətdə ədalət meyarını əsas götürməlidir. Reallıq budur ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşub. 30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistana dünya güclərinin təzyiqlər göstərməməsi, sanksiyalar tətbiq etməməsi onun daha böyük iddialarla yaşamasına səbəb olub. Yeni ərazilər uğrunda müharibə planını gerçəkləşdirmək məqsədilə Ermənistanın 2020-ci ilin sentyabrın 27-də həyata keçirdiyi təxribat da bunun təsdiqi idi. Nəticədə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu öz torpaqlarında döyüşdü, işğala son qoyaraq düşməni bu ərazilərimizdən qovdu, üçrəngli bayrağımızın dalğalanmasına nail oldu. Bu gün işğalçı Ermənistanın qarşısında dayanan əsas tələb sülh müqaviləsini imzalamaqla, regionda təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin Brüssel səfərindən öncə ABŞ-ın Dövlət Katibi Antoni Blinkenin dövlət başçısına zəngi də bir çox məqama işıq salır. Telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini açıqlayıb”.

Vüqar Rəhimzadə diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin suallarına cavabına yönəldərək bildirib ki, qurum rəsmisinin “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq” cavabı hazırkı və sonrakı proseslərin aydın mənzərəsini yaradır: “Ümumilikdə hər bir görüş Azərbaycanın diplomatik qələbəsinin təqdimatıdır. Artıq Ermənistan, həmçinin, dünya gücləri sülh müqaviləsinin imzalanması ilə bağlı istəklərini ortaya qoyaraq bu istiqamətdə dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin müzakirəsinə başlayıb. Son Brüssel görüşü də təsdiqləyir ki, Avropa İttifaqı da 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR