Ziyafət Əsgərov: “Azərbaycanın dövlət müstəqilliyi Zəfər zirvəsinə yüksəlib”

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 31 may 2022 14:58 (UTC +04:00)

“Bu il ilk dəfədir ki, 28 mayı xalqımız Müstəqillik Günü kimi qeyd etdi. Müstəqil, yəni suveren dövlət dedikdə beynəlxalq hüquqda öz daxili və xarici siyasətində müstəqil olan, ali hakimiyyəti təmsil edən, başqa dövlətlərin hakimiyyətindən asılı olmayan və müəyyən bir coğrafi ərazidə suverenliyi olan dövlət nəzərdə tutulur. Tarixdə baş verən hadisələr, dövlətlərin yaranması, tərəqqisi, uğurlar, eyni zamanda tənəzzüllər və böhranlar təsdiq edir ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu əbədi, dönməz, sarsılmaz etmək də bir o qədər çətin və mürəkkəb məsələdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov bildirib ki, ötən il Milli Məclisin qəbul etdiyi 15 oktyabr tarixli “Müstəqillik Günü” haqqında qanunla mayın 28-nin Müstəqillik Günü elan edilməsi, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi qərara alınıb: “Qanunun preambulasında da qeyd edildiyi kimi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq adla adlanması olduqca əhəmiyyətlidir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etməklə Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Yəni müstəqil Azərbaycan dövləti artıq Çar Rusiyasının dağılması nəticəsində 104 il bundan əvvəl yaranıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Hamımız yaxşı xatırlayırıq ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda dövlət səviyyəsində qeyd edilib. Prezident 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb”.

Parlamentin komitə sədri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra qısa vaxt ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib: “Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi tanınması istiqamətində mühüm addımlar atılıb. Lakin biz Cümhuriyyət dövründə yol verilmiş tarixi səhvləri də unuda bilmərik. O vaxtkı hakimiyyət Azərbaycan torpaqlarının bütövlüyünü qoruya bilməyib və bunun da ən böyük mənfi nəticəsi qədim Azərbaycan şəhəri İrəvanın Ermənistana təhvil verilməsi olub”.

Ziyafət Əsgərov nəzərə çatdırıb ki, SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunarkən Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib: “Yəni Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Lakin müstəqilliyimizi bərpa etdikdən sonra xalqımızın üzləşdiyi sonrakı hadisələr hamıya məlumdur. 1991-1993-cü illərdə ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq, hakimiyyət uğrunda mübarizələr, ölkə rəhbərliyinin səriştəsizliyi ölkəni vətəndaş müharibəsinin astanasına qədər gətirib çıxarıb və yenicə bərpa etdiyimiz müstəqilliyimizi təhlükə altına qoyub. Xalqın tələbi ilə ümummilli liderimiz Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyun tarixində-xalqımız üçün əsl qurtuluş günündə hakimiyyətə gəldikdən sonra Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrilib. Ulu Öndərimiz Azərbaycanı xaosdan, özbaşınalıqdan, dağılmaqdan xilas edib.

Ulu Öndərin hakimiyyətə gəlməsi ilə başlayan müstəqil Azərbaycanın inkişafı Prezidentin hakimiyyəti illərində də sürətlə davam etmiş və bu gün artıq heç kimə sirr deyil ki, Azərbaycan özünün ən qüdrətli, ən istiqrarlı dövrünü yaşayır. 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Zəfər Azərbaycanın müstəqillik tarixinin zirvəsini təşkil edir. Beynəlxalq hüququn işləmədiyi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyi, xarici təsirlərin mövcud olduğu bir şəraitdə düşmən işğalına son qoyaraq ərazi bütövlüyümüzü bərpa etməyimiz bu gün Azərbaycanın həqiqətən dünya siyasətində öz mövqeyini müdafiə etməyi bacaran əsl müstəqil dövlət olduğunu sübut edir”.

Parlamentin komitə sədri vurğulayıb ki, dövlətin müstəqilliyi, xüsusən xarici siyasətdə müstəqil söz sahibi olması onun liderinin şəxsiyyəti, beynəlxalq nüfuzu, güclü və qətiyyətli siyasi iradəyə sahib olması ilə sıx bağlıdır: “Məhz Prezidentin müdrik siyasətçi kimi bu şəxsi keyfiyyətlərə sahib olmasının nəticəsidir ki, postmünaqişə dövründə də gündəliyi diktə edən tərəf Azərbaycandır. Ölkəmizin Vətən Müharibəsindəki Böyük Zəfərinin doğurduğu nəticələr və Cənubi Qafqazda yaranmış yeni reallıqlar artıq bütün dünyada qəbul olunub. Ermənistan-Azərbaycan münaqişəsi yoxdur, iki ölkə artıq sülh danışıqları aparmaq mərhələsinə qədəm qoyub və bu reallıq BMT, Avropa İttifaqı, ATƏT kimi dünyanın nüfuzlu təşkilatları da daxil olmaqla bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunub. Əslində müharibədən sonra ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri daha da möhkəmlənib. Bu ilin 18 mart tarixində Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi çox əlamətdar hadisə idi. Eləcə də Avropanın ən nüfuzlu təşkilatı olan Avropa İttifaqı ilə də təmaslarımız daha da artıb. Vətən Müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Sülh sazişinin bağlanması məsələsində də ilk addımı elə cənab Prezident özü atıb və onun təşəbbüsü ilə Azərbaycanın 5 prinsipdən ibarət təklifi Ermənistan tərəfə təqdim edilib. Ermənistan isə həmin prinsiplərə etiraz etməyib. Ermənistanın belə bir haqqı da yoxdur, çünki bu 5 prinsip məhz beynəlxalq hüquqa əsaslanır.

Bizim mövqeyimiz dünya ictimaiyyəti tərəfindən də qəbul edilib və təsadüfü deyil ki, Avropa İttifaqının da bu mövqeyi dəstəkləməsi nəticəsində artıq sərhəd komissiyasının ilk iclası baş tutub. Ermənistan tərəfin maneələr törətmək cəhdlərinə baxmayaraq Zəngəzur dəhlizinin açılması məsələsində də Azərbaycanın diktə etdiyi mövqə dəstəklənib və son Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolunun, həm də avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Biz sülhə sadiqik, Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi üçün narahatlığa heç bir əsas yoxdur. Məqsədimiz tez bir zamanda Cənubi Qafqazda sülhə və əməkdaşlığa nail olmaqla Qarabağın yenidən bərpasını, “Böyük Qayıdış”ı ən yüksək səviyyədə tamamlamaqdır. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır və bu müstəqilliyi Zəfər zirvəsinə yüksəldən cənab Prezidentin liderliyi ilə Cənubi Qafqazda tezliklə sülhün tam bərqərar olmasının nəinki dövlətimiz, bütün regionumuz üçün yeni inkişaf mərhələsinə yol açacağından tam əminik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR