Ali Baş Komandana yazırlar: “Savaş əmrinizi səbirsizliklə gözləyirik!”

Ali Baş Komandana yazırlar: “Savaş əmrinizi səbirsizliklə gözləyirik!”
  • Clock-gray 10:20
  • calendar-gray 23 İyul 2020

Vətəndaşlardan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.

APA məktublardan bəzilərini təqdim edir:

 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Yaşadığımız dünyanın indiki ağır vəziyyətində xalqımıza, Vətənimizə və biz gənclərə göstərdiyiniz maddi və mənəvi dəstəyinizə görə Sizə təşəkkür edirəm. Bir gənc olaraq tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Biz savaş əmrinizi səbirsizliklə gözləyirik. İnşallah, zəfər bizimdir!

Biz Azərbaycanı sevirik, dövlətimizi dəstəkləyirik, Vətənimizin əsgəriyik. Qələbə bizimdir, haqq bizim tərəfdədir. Birlikdə düşmənə layiqincə cavab verəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ordumuzun gücünü bütün dünya bilir. Vətəni qorumaq, dövlətçiliyimiz üçün mübarizə aparmaq bizim borcumuzdur.

Hörmətlə,

Məmmədli Elməddin Camal oğlu. Azərbaycan Respublikası, Yardımlı rayonu”.

 

“Hörmətli cənab Prezident.

Xalqımız Sizə arxalanır, hamımız Sizinləyik. Əminik ki, Sizin sayənizdə Qarabağı da azad edəcəyik. Uca Yaradan bütün işlərinizdə köməyiniz olsun, Sizi bu xalqa çox görməsin. Siz xalq üçün gördüyünüz işlərlə adınızı artıq tarixə yazdırmısınız.

Xalqın igid oğlu, dualarımız Sizinlədir. Ulu öndərimiz Heydər Əliyevin başladığı yolu uğurla davam etdirməklə Azərbaycanı dünyaya tanıtdınız, ölkəmizi gözəlləşdirdiniz.

Sizin sayənizdə üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, həmin bölgələr də inkişaf edəcək, Azərbaycanın bir parçası kimi dünyada tanınacaq.

Uca Yaradan bu Qələbəni qazanmaqda, başladığınız işləri başa çatdırmaqda Sizə kömək olsun. Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Əhmədov Əsəd.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu”.

 

“Hörmətli cənab Prezident.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə tərəqqi edib və bu gün də inamla irəliləyir. Əsrlər boyu böyük tarixi və mədəni inkişaf yolu keçən qədim Azərbaycanın beynəlxalq aləmdə qazandığı etibar, söz sahibinə çevrilməsi, nəhəng dövlətlər arasında yüksək nüfuza malik olması Sizin dahiyanə təfəkkürünüz və böyük zəhmətinizin məntiqi nəticəsi kimi qəbul olunur.

Bütün dünyanı cənginə alan COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər vətəndaş olaraq bizi olduqca sevindirir və bundan qürur hissi duyuruq. Xüsusən də karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi və sosial yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması təqdirəlayiq haldır. Biz ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə, əsasən də tibb işçilərinə təşəkkürümüzü bildiririk.

Bizim ailə üzvlərimiz bu günlərdə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə aldıq, evimizə yüksək əhval-ruhiyyə ilə qayıtdıq. Xəstəxanada bizə yüksək səviyyədə tibbi xidmət göstərildi. Tibbimizin belə inkişafı bizi fərəhləndirdi.

Sonda böyük fəxr ilə qeyd etmək istəyirik ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlərə imza atacaq, tibb sahəsində yüksək uğurlar əldə edəcəkdir. Ölkəmizin inkişafı uğrunda apardığınız hər bir işdə Sizə uğurlar və cansağlığı arzulayırıq.

Hörmətlə,

Pirəliyeva Ceyran

Pirəliyeva Zenfira

Pirəliyev Veydəddin.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri”.

 

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan dövlət sərhədində atəşkəsi pozması bizi necə narahat etdirmişdisə, güclü və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın düşməni cavab atəşi ilə susdurması bir o qədər fərəhləndirdi.

Biz tələbələr Sizə daim inanır, güvənir və yürütdüyünüz siyasəti dəstəkləyirik. Ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruya bilən güclü, sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin etibarlı qarantısınız.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Miriyeva Elnarə Qədir qızı.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Azərbaycan xalqı hər zaman erməni təxribatlarının şahidi olmuşdur. Mənfur düşmən bu gün də təxribatlarını davam etdirməkdədir. Ordumuzun sərrast atışları ilə susdurulan düşmən çoxlu sayda itki verməklə yanaşı, həm də əhəmiyyətli obyektlərini, texnikalarını itirmiş oldu və həmişəki kimi, digər dövlətlərdən, qurumlardan imdad diləməyə başladı. Budur, Azərbaycan Ordusunun qüdrəti. Məhz bu ordunun qüdrətinə əmin olan xalq Sizə və Sizin siyasətinizə güvənir. Sizə güvənən xalq - gənclər meydanlara axın edərək, həm dövlətə inamını, həm də orduya dəstəyini ifadə etdi. İnşallah, Sizin və ordumuzun sayəsində tezliklə bayrağımızı Qarabağda dalğalandıracağıq.

Hörmətlə,

Quliyev Pərviz.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Respublikamızda şəhərlərin, kəndlərin, onlarla birlikdə isə bütünlükdə ölkəmizin inkişafı, gözəlləşməsi təsadüfi deyil. Bu yüksəliş Sizin gecə-gündüz çalışmağınızın, düzgün siyasət yürütməyinizin bəhrəsidir.

Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Əyyublu kəndində daxili yolların asfaltlanması bütün sakinlərin sevincinə səbəb oldu.

Hamımız bilirik ki, inkişaf yoldan başlayır. Son illər Tovuz rayonunda yolların təmiri ilə bağlı xeyli iş görülüb. İndi kənimizin yolları göz oxşamaqla yanaşı, sakinlərin rahatlığına xidmət edir.

Cənab Prezident, kəndimizin bütün sakinləri, o cümlədən ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq.

Hörmətlə,

Abbasov Abbas.

Azərbaycan Respublikası, Tovuz rayonu, Əyyublu kəndi”. 

 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ulu öndərimiz Heydər Əliyevin və Sizin sayənizdə bu gün dünyanın önəmli enerji layihələrində Azərbaycanın rolu həlledicidir. Beynəlxalq güclərin Azərbaycanın iqtisadi və siyasi qüdrətini qəbul etməsinə və onunla hesablaşmasına dözməyən Ermənistan sərhədlərimizdə təxribata cəhd etsə də, şanlı ordumuzun layiqli cavabını aldı.

Mən sovet ordusu sıralarında Uzaq Şərqdə xidmət etmişəm, hazırda ehtiyatda olan zabitəm. Hərbi taktikanın təşkili sahəsində bilik və təcrübələrimi bölüşmək, təmənnasız olaraq ordumuza xidmət etmək istəyirəm.

Vətən yolunda şəhid olmaq hamımız üçün uca zirvədir. Mübariz İbrahimov və digər qəhrəmanlarımızın yüksəldiyi zirvəyə qalxmaq, xalq məhəbbətini qazanmaq, şəhidlərimizin qisasını almaq arzularımın həyata keçməsi üçün müharibə zonasına - ön cəbhəyə getmək barədə əmrinizə hazıram.

Allah Sizi və ordumuzu qorusun! Zəfər bizimlədir!

Hörmətlə,

Heydərov Eyyub.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

 

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikası indiki inkişaf səviyyəsinə çatmış və dünya birliyində layiqli yer tutmuşdur. Ölkəmizdə aparılan quruculuq və abadlıq işləri bütün sahələrdə hiss olunur. Son illərdə kadr islahatı sahəsində yürütdüyünüz siyasət də vətəndaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. İdarəetmənin etibarlı əllərdə olması xalqın dövlətə inamını daha da möhkəmləndirir və cəmiyyətin inkişafını sürətləndirir.

Hörmətli cənab Prezident, son iki ildə Qubada aparılan genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri, sosial sahədə yaranan canlanma məhz Sizin adınızla bağlıdır.

Kənd məktəbimizin tam orta məktəbə çevrilməsi, sel sularının kəndarası körpülərə vurduğu ziyanın aradan qaldırılması sakinlərimizin böyük sevincinə səbəb oldu.

Mənim 75 yaşım var. Qubanın inkişafını, kəndimizin çiçəklənməsini gördükcə ürəyim fərəhlənir.

Bu işlərə böyük əmək sərf etdiyinizə görə Sizə "Çox sağ olun!", "Var olun!" deyirəm, cənab Prezident!

Hörmətlə,

Bayramov Ağalar Nəcəf oğlu.

Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi”.

 

“Hörmətli cənab Prezident.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatda düşmən ölkə qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi. Azərbaycan Ordusu nəinki düşmənin hücumunun qarşısını aldı, onların silahlı qüvvələrinə layiqli zərbə də endirdi. Sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin qorunması təmin olundu.

Bu anlar bizə qürur yaşatdı. Ermənilər bir daha başa düşdü ki, hər bir təxribatın qarşısı belə qətiyyətlə alınacaq. Çünki Azərbaycanda dövlət-xalq birliyi, Prezidentə böyük dəstək, sevgi var.

Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edir, Sizə inanır və güvənirik.

Hörmətlə,

Əliyev Hatəm Xanəhməd oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu”.

 

“Hörmətli cənab Prezident.

Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və ictimaiyyət tamamilə Azərbaycanın tərəfindədir. Bu, Sizin illərdən bəri Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün gördüyünüz böyük işlərin nəticəsidir. Azərbaycanın inkişafı, nüfuzunun gündən-günə artması mənfur qonşularımızı narahat etməyə bilməz. Buna görə də Ermənistan hüquqi yollardan deyil, təxribatdan istifadə edir.

Ölkəmiz müstəqillik qazandığı vaxtdan sülh yolunun tərəfdarı olsa da, Sizin Qarabağ məsələsində qətiyyətli mövqeyiniz var və bu mövqe xalqın iradəsini ifadə edir.

Mən ehtiyatda olan zabitəm. Hərbi anda sədaqətimi bildirərək bu günlərdə cəbhə bölgəsində olan əsgər və zabitlərlə çiyin-çiyinə durmaq üçün döyüş bölgəsinə getməyə hazıram.

Hörmətlə,

İsmayılov Lətif Sərtib oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu”.

 

“Cənab Ali Baş Komandan.

Qələbə ovqatlı çağırışlarınızı, torpaqlarımızın azad olunması istiqamətində apardığınız siyasəti qəlbən dəstəkləyir və bu yolda səfərbər olub döyüşə getməyə hazır olduğumu bildirirəm.

Əminəm ki, Sizin məqsədyönlü siyasətiniz xalqımızı uğura, zəfərə aparacaqdır.

Hörmətlə,

Qasımova Göyçək Haqverdi qızı.

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

 

“Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşıyam. Bütün dünyanı bürüyən koronavirus ölkəmizdən də yan keçməmişdir. Məhz Sizin uzaqgörən siyasətiniz, qətiyyətli addımlarınız nəticəsində ölkəmiz bu bəla ilə mübarizədə digər ölkələrə nisbətən az itki vermişdir.

Cənab Prezident, Qarabağ müharibəsi veteranı kimi Sizin xalqımızın rifahı, ölkəmizin inkişafı naminə gördüyüz işlərə görə minnətdarlığımı bildirirəm. Bu çətin dövrdə Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar arzulayıram.

Xüsusi karantin rejimində vergi ödəyicilərinə verilən müavinətlər bir daha dövlətin hər zaman vətəndaşının yanında olduğunu göstərir.

Hörmətlə,

Camalov Arif Məcid oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu”.

 

“Möhtərəm cənab Prezident.

Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olaraq son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərlə bağlı gənclərə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq.

Dərin hörmətlə,

Baloğlanov Vüsal Elşən oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Sizin ölkəmizdə apardığınız uzaqgörən siyasət nəticəsində Azərbaycanda güclü dövlət və qüdrətli ordu yaranmışdır. Məhz bu gün biz bu ordu ilə Sizin rəhbərliyiniz altında düşmənə layiqli cavab veririk.

Biz - Yeni Azərbaycan Partiyasının gənc üzvləri torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz gənclər daim öz dövlətimizin yanındayıq. Biz birlikdə güclüyük.

Hörmətlə,

Alışov Anar Xalığ oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu”.

 

“Hörmətli cənab Prezident.

Mübarizlər, fəridlər yetişdirmiş ölkəmizdə Sizin əmrinizi gözləyən, arxanızda dayanan milyonlarla igidimiz var. Biz bir ölsək də, milyon doğularıq.

Cənab Ali Baş Komandan, əsgər Məhərrəmli Tural Elşad oğlu Sizin əmrinizi gözləyir və iradənizə inanır.

Hörmətlə,

Məhərrəmli Tural Elşad oğlu

Azərbaycan Respublikası, Samux rayonu”.

 

“Hörmətli cənab prezident.

Xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Mən fəxr edirəm ki, Azərbaycanın güclü ordusu var.

Cənab Ali Baş Komandan, qəhrəman ordumuz düşmənə bir daha öz gücünü göstərdi. Düşmən təxribatının qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alındı. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o günü səbirsizliklə gözləyirik.

Cənab Ali Baş Komandan, Sizin döyüşə əmrinizlə torpaqlarımızı qısa müddətdə düşməndən azad etməyə hazırıq.

Hörmətlə,

Əhmədov Anar Müzadil oğlu.

Azərbaycan Respublikası, Samux rayonu”.

 

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Son bir neçə gündə cəbhə xəttində baş verən hadisələrdən, ordumuzun düşmənə verdiyi layiqli cavabdan sonra Azərbaycandakı xalq-iqtidar bir daha öz təsdiqini tapdı. Biz bir xalq olaraq hər zaman Sizin yanınızdayıq. Mən də bir vətəndaş olaraq, eyni zamanda, Yeni Azərbaycan Partiyasının könüllüsü, fəalı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçmişəm. Könüllü olaraq Vətənimə və ordumuza əlimdən gələn hər bir dəstəyi verməyə hazıram.

Vətənimizi qorumaq hər birimizin borcudur. Hər şey Vətən üçün! Hər birimiz əsgərik. Biz birlikdə güclüyük.

Hörmətlə,

Muradov Samir Asif oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

 

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən yürütdüyünüz siyasət, uzaqgörənliyiniz və qətiyyətiniz ilə fəxr edirəm.

Bu günlərdə qəhrəman Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Qüdrətli ordumuz aprel qələbəmizdə olduğu kimi, düşmənin bu təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qanını yerdə qoymamışdır.

Cənab Prezident, fəxrlə deyə bilərik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin bu gün bütün sahələrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsi bizdə böyük fərəh və qürur hissi yaradır. Bir daha Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abdullayeva Rəna Məhərrəm qızı.

Azərbaycan Respublikası, Ağcabədi şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın qəhrəmanlıqlarının izinə rast gəlirik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Bu gün zaman bizdən Vətənə məhəbbəti sözdə deyil, əməldə tələb edir.

Cənab Prezident, Siz bu sevgini gündəlik işinizdə, çəkdiyiniz zəhmətdə, qətiyyətli fəaliyyətinizdə nümayiş etdirirsiniz.

Mən ehtiyatda olan zabit kimi döyüş bölgəsinə yollanaraq Vətən qarşısındakı borcumu yerinə yetirməklə yanaşı, Sizə sədaqətimi də göstərmək, şəhidlərimizin qisasını almaq istəyirəm.

Mübarizənizdə daim Sizinləyik.

Hörmətlə,

Aslanov Şahlar Paşa oğlu.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Birinci Aşıqlı kəndi”.

 

“Hörmətli cənab Prezident.

Bu gün milli qürur hissi bütün dünyadakı azərbaycanlıları birləşdirib. Biz hamımız Sizin çağırışlarınızın, ideyalarınızın ətrafında birləşib bir amala doğru irəliləyirik.

Mənim 86 yaşım var. Yaşımın ahıl çağı olsa da, əsgərlərimiz Koroğlunun dəliləri kimi xain düşmənə zərbə endirəndə mən də onların yanında olmaq istəyirəm. Allah Sizə və əsgərlərimizə güc-qüvvət, ölkəmizə əmin-amanlıq, Qarabağımıza azadlıq qismət eləsin.

Hörmətlə,

İbrahimov Rəsul Qasım oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu”.

 

“Hörmətli cənab Prezident.

Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş- gəliş kəsilirdi.

Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd təsərrüfatı məhsullarını vaxtında çatdıra bilirlər.

Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də bütünlüklə həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq.

Sizə minnətdarıq, cənab Prezident!

Hörmətlə,

Həsənov Yaqub.

Azərbaycan Respublikası, Quba rayonu, Buduq kəndi”.

apa-logo-mini

Digər xəbərlər