Azərbaycan Prezidenti: “Postmüharibə dövrü də bizdə çox rahat keçir”

Azərbaycan Prezidenti: “Postmüharibə dövrü də bizdə çox rahat keçir”
  • Clock-gray 18:02
  • calendar-gray 26 Fevral 2021

“Azərbaycanın ortaya qoyduğu nümunə dünyanın digər bölgələrində dondurulmuş münaqişələrin həlli barədə formalaşan stereotipləri böyük dərəcədə pozub və biz yeni reallıq yaratmışıq. Çünki dondurulmuş münaqişələr dünyanın bir çox yerində var. Təkcə postsovet məkanında yox...”

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, bu münaqişələrə nəzər salsaq, onların mənşəyini və indiki vəziyyətini təhlil etsək, görərik ki, artıq o ölkələrin vətəndaşları müəyyən dərəcədə və beynəlxalq ictimaiyyət elə bil ki, bu vəziyyətlə barışıb, razılaşıb, yaxud da bunu alternativsiz variant kimi qəbul edir: “Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır. Bu bir. İkincisi, burada stereotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgər burada amillər, onların vəhdəti varsa, deməli, bu stereotiplər qırılacaq. Birincisi, güclü siyasi iradə olmalıdır. Liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm, deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi. Amma hər zaman var idi. Hər zaman. Mən bu barədə də demişəm. Deyirdilər, reallıq var və siz gərək reallıqla barışasınız. İndi sizə nə təklif olunursa, bununla da kifayətlənin. Qalan torpaqlar qalsın. Ermənistan razı deyil, orada referendum, səsvermə keçirilməlidir və s. İndi ictimaiyyət bunu bilir. Bizim münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri idi, ya da ki, ölkələridir. Kim necə istəyir, elə də qəbul etsin. Təhlükəsizlik Şurasının daimi üzvləri... Və bu ölkələrə yox demək, onların iradəsindən kənar addımlar atmaq əlbəttə ki, o qədər də asan məsələ deyildi. Ona görə güclü siyasi iradə varsa, bu bir. İkincisi, xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətlə razılaşıbsa, barışıbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb. Və mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq. Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev harda gəldi Qarabağla bağlı məsələni qaldırır? Heç bu mövzuya aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də hər dəfə qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. İkincisi, bu, heç vaxt burda, daxildə unudulmasın. Heç vaxt həm məcburi köçkünlərdə ümidsizlik yaranmasın. Eyni zamanda cəmiyyətdə heç vaxt bu mövzu unudulmasın. Bu mövzunu gündəlikdə saxlamaq hesab edirəm ki, vacib məsələlərdən biridir. Xüsusilə nəzərə alsaq ki, - hər şeyi mən indi olduğu kimi deyirəm - real vəziyyət onu göstərirdi ki, bu məsələni hərbi yolla həll etmək bizə çox baha başa gələr. Hətta bütün imkanlarımız olsa belə, necə deyərlər, bunun hesabı çıx ağır ola bilər. Üçüncüsü, güclü ordu olmalıdır. Bu olmasa, heç bir münaqişə həll oluna bilməz. Və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Biz haqlı idik. Tarix baxımından bu bizim torpağımızdır. Beynəlxalq hüquq, beynəlxalq təşkilatların qətnamələri baxımından biz haqlı idi. Bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi. Amma nə üçün biz bu torpaqları vaxtilə 90-cı illərin əvvəllərində itirdik? Çünki idarəetmə yox idi, ordu yox idi və Bakıda 92-ci ildə minlərlə adam mitinqlərə çıxırdı, amma orada mövqelər boş qalırdı. O vaxt vətəndaş müharibəsini Xalq Cəbhəsi başlayıb, Azərbaycan əsgərlərini əsir götürüb, o vaxt ona görə də bizim torpaqlarımız işğal altına düşmüşdü. Hakimiyyət uğrunda mübarizə gedirdi. Yəni milli vəhdət, vahid ideya uğrunda o vaxt biz birləşə bilməmişik. İndi isə biz birləşmişik. Bir də ki, nəsil yetişməli idi. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan son 17 il ərzində yetişmiş bizim insanlarımızdır. Yaşlı nəslin də bu məsələdə böyük əməyi, təcrübəsi, bilikləri var. Amma döyüşə gedən, sinəsini atəş altına qoyan 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, Vətən uğrunda öz canından keçib. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər. Və digər amillər təbii ki, var - iqtisadi inkişaf və s. Amma əgər bu amillər yoxdursa, heç bir dondurulmuş münaqişənin həlli mümkün deyil.

Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır. İndi bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün çətin dövr olub. Amma artıq müharibədən bir neçə ay keçir. Görürük ki, postmüharibə dövrü də bizdə çox rahat keçir. Bu da cəmiyyətimizin üstünlüyü, xalqımızın böyüklüyüdür. Və bu gün məhz bu ideyalar uğrunda yenidən birləşirik. Yeni ideyalar uğrunda - Qarabağı necə bərpa edək, keçmiş köçkünləri necə torpaqlara qaytaraq və bundan sonra elə qüdrətli dövlət yaradaq ki, heç kim vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin”.

Firuzə Vahid

Digər xəbərlər