Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatları üçün dövlət rüsumu azaldılır

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatları üçün dövlət rüsumu azaldılır
# 21 aprel 2020 12:32 (UTC +04:00)

Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.

Komitənin sədri Tahir Mirkişili APA-ya açıqlamasında bildirib ki, qanun layihəsi Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosial yönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanıb: “Belə ki, sözügedən əməliyyatlara görə ölkə daxilində tətbiq olunan bir sıra rüsumları ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrində həyata keçirilən həmin xidmətlər və hüquqi hərəkətlər üçün müəyyən edilmiş dövlət rüsumunun dərəcələri arasında kəskin fərq var.

Azərbaycan Respublikasında dövlət qurumları tərəfindən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə, o cümlədən nikahın qeydiyyata alınması üçün 5 manat, sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün) 4 manat, sənədlərin leqallaşdırmasına görə 4 manat, etibarnamələrin notarial təsdiqinə görə 5-20 manat, sənədlərdəki imzaların həqiqiliyinin təsdiqinə görə 2 manat məbləğlərində dövlət rüsumu müəyyən edildiyi halda, xarici ölkələrdəki diplomatik nümayəndələrində bu məbləğlər müvafiq olaraq 40 ABŞ dolları, 25 ABŞ dolları, 50 ABŞ dolları və 60 ABŞ dolları təşkil edir.

Xarici səfər edən vətəndaşlar sənədlərini itirərsə, onlara verilən ölkəyə qayıtmaq üçün pasport əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə tutulan dövlət rüsumu 40 ABŞ dolları təşkil edir ki, bu da çətin vəziyyətə düşmüş vətəndaşlar üçün yüksək məbləğ təşkil edir”.

Qeyd edək ki, layihəyə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə dövlət rüsumunun məbləği 55 dollardan 25 dollara endirilir. Ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləğinin 40 dollardan 10 dollara endirilməsi təklif olunur.

Eyni zamanda dövlət rüsumunun məbləğinin vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 150 dollardan 60 dollara, nikahın qeydə alınmasına görə 40 dollardan 10 dollara, qanunla müəyyənləşdirilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə 10 dollardan 5 dollara, adın, soyadın, ata adının dəyişdirilməsinə görə 50 dollardan 20 dollara, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə 40 dollardan 10 dollara, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə 20 dollardan 10 dollara, xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə 30 dollardan 10 dollara, sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün) 25 dollardan 10 dollara, xarici ölkədə sənədlərin leqallaşdırılmasına görə 50 dollardan 10 dollara, Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə 50 dollardan 20 dollara endirilməsi təklif olunur.

Layihədə dövlət rüsumunun məbləğinin poçt vasitəsi ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə 25 dollardan 20 dollara, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə 100 dollardan 50 dollara, əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə 75 dollardan 30 dollara, sənədlərinin surətinin və sənədlərdən çıxarışların təsdiq edilməsinə görə 20 dollardan 10 dollara, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün) xarici dillərdən 20 dollardan 10 dollara, xarici dillərə isə 40 dollardan 20 dollara, sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün) 60 dollardan 20 dollara, vəsiyyətnamənin təsdiqinə görə 100 dollardan 50 dollara, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə 200 dollardan 100 dollara, pul məbləğlərinin və qiymətli kağızların depozitlə qəbul edilməsinə görə (hər ay üçün) 50 dollardan 20 dollara, icra qeydlərinin aparılmasına görə 30 dollardan 10 dollara, digər konsul əməliyyatlarına görə dövlət rüsumunun 20 dollardan 10 dollara endirilməsi təklif olunur.

Miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsi üçün 100 dollar, vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə 30 dollar, öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay) 20 dollar, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə 10 dollar, şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə 10 dollar, dəniz protestlərinin tərtib edilməsinə görə 10 dollar, sübutları təmin edilməsinə görə 10 dollar rüsum müəyyənləşməsi də təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR