Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib
  • Clock-gray 18:43
  • calendar-gray 07 May 2020

Bu gün Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova bildirib ki,  Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil: “Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışlarından birində söylədiyi fikir yada düşür. Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya Müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olub”,

Sədr xatırladıb ki, Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilmişdi: "Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərib ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb”.

O, Azərbaycan milli diviziyalarının alman-faşist qoşunlarının darmadağın edilməsində də misilsiz xidmətləri olduğunu qeyd edib.

S. Qafarova onu da bildirib ki, son vaxtlar bir sıra qüvvələr İkinci Dünya Müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edir: “Bu qəbuledilməz və yolverilməzdir. Biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq”.

Sədr qeyd edib ki, bu gün neofaşist meyllərin güclənməsi haqlı narahatlıq yaradır: "Biz görürük ki, tarixin saxtalaşdırılması ilə yanaşı, faşizmin və onun təhrikçilərinin  qəhrəmanlaşdırılması prosesi gedir. Məsələn, Ermənistan Respublikasında nasist Qaragin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınanıldığına görə belə hallara dözümlülük göstərmək olmaz”.

Sədr vurğulayıb ki, Azərbaycanda İkinci Dünya Müharibəsi veteranlarına diqqət  və hərtərəfli qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir, Prezidenti İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanmış çoxsaylı sərəncamlar buna parlaq misaldır.

Sədr qeyd edib ki, bu günlərdə Milli Məclis tərəfindən “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalının təsis edilməsi ilə əlaqədar qanun qəbul olunub.

Videokonfransda  çıxış edən Belarus, Özbəkistan, Qırğızıstan, Moldova respublikalarının parlament sədrləri və digər iştirakçılar Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə öz fikirlərini söyləyiblər. 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date