“Azərbaycançılıq Azərbaycanın tarixi yaddaşını, dövlətçilik iradəsini, milli kimliyini, mənəvi bütövlüyünü və gələcəyə baxışını özündə birləşdirən fundamental dəyərdir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.
Deputat bildirib ki, bu ideyanın başlıca mahiyyəti insanları etnik mənşəyinə, dini etiqadına, dilinə və dünyagörüşünə görə ayırmaq deyil, onları vahid Vətən, vahid dövlət və ortaq gələcək ətrafında birləşdirməkdir: “Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı azərbaycançılıq fəlsəfəsinin müasir dövrdəki mahiyyətini açan mühüm siyasi və ideoloji mesajdır. Dövlət başçısı Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsini yalnız coğrafi üstünlük kimi deyil, əsrlər boyu formalaşmış mədəni təcrübənin, qarşılıqlı anlaşma ənənələrinin və sivilizasiyalar arasında dialoq yaratmaq bacarığının ifadəsi kimi təqdim edir.
Azərbaycan müxtəlif mədəniyyətlərin sadəcə yanaşı mövcud olduğu məkan deyil, onların qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşamağı bacardığı ölkədir. Bu fərq prinsipial əhəmiyyət daşıyır. Çünki müxtəliflik öz-özlüyündə birlik yaratmır. Bunun üçün ortaq dəyərlər, qarşılıqlı etimad, ədalət və mənsubiyyət hissi lazımdır. Azərbaycançılıq məhz belə bir mənəvi-siyasi zəmin formalaşdırır.
Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda yaşayan bütün etnik və dini qrupların nümayəndələrinin Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malik olması və özlərini vahid ailənin üzvləri kimi hiss etməsidir. Bu, dövlətin milli siyasətinin mahiyyətini ifadə edir. Çünki dövlətin gücü yalnız iqtisadi göstəriciləri, hərbi potensialı və beynəlxalq nüfuzu ilə ölçülmür. Onun qüdrəti həm də cəmiyyət daxilindəki ictimai etimadda, vətəndaş həmrəyliyində və insanları bir arada saxlayan ortaq mənəvi dəyərlərdə təzahür edir”.
Elnarə Akimova qeyd edib ki, azərbaycançılığın müasir dövlətçilik konsepsiyasına çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var: “Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı milli mənsubiyyətin sadəcə doğum faktı deyil, qürur, məsuliyyət və mənəvi bağlılıq məsələsi olduğunu ifadə edir. Heydər Əliyev azərbaycançılığı ölkə daxilində yaşayan müxtəlif etnik qrupları birləşdirən, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı tarixi Vətən ətrafında səfərbər edən ümummilli ideya səviyyəsinə yüksəltdi.
Prezident İlham Əliyev isə bu siyasi və ideoloji xətti yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirib. Onun 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayında səsləndirdiyi “Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!” fikri bu ideyanın mahiyyətini üç mühüm sütunda birləşdirirdi: Vətən, dil və milli məfkurə. Bu yanaşma azərbaycançılığın həm ölkə daxilində milli həmrəyliyin, həm də dünya azərbaycanlılarının mənəvi birliyinin əsasını təşkil etdiyini bir daha təsdiqləyirdi”.
Deputat vurğulayıb ki, azərbaycançılığın mühüm tərkib hissələrindən biri də multikulturalizm və dini dözümlülükdür: “Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olub. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin burada dinc yanaşı yaşaması təsadüfi siyasi şəraitin deyil, uzun tarixi təcrübənin nəticəsidir. Dövlət başçısının “Multikulturalizmə alternativ özünütəcriddir” fikri Azərbaycanın bu məsələdə tutduğu mövqenin fəlsəfi mahiyyətini ifadə edir”.
Onun sözlərinə görə, azərbaycançılığın mahiyyətini yalnız tolerantlıq və multikulturalizm çərçivəsində izah etmək doğru olmazdı: “Bu ideya daha geniş məzmun daşıyır. O, dövlətə sədaqət, milli maraqların müdafiəsi, ərazi bütövlüyünə bağlılıq, ana dilinin qorunması, tarixi yaddaşın yaşadılması və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi deməkdir”.
Deputat xatırladıb ki, azərbaycançılıq ideyasının ən böyük tarixi sınağı Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövrü oldu: “Bu ağır mərhələdə xalqımızı bir arada saxlayan yalnız torpaq itkisinə qarşı etiraz deyildi. Milli ləyaqət, tarixi ədalətə inam, dövlətimizin ərazi bütövlüyünün bərpası arzusu və Vətən sevgisi cəmiyyətin bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirmişdi. Azərbaycançılıq nəzəri ideya olmaqdan çıxaraq real ictimai-siyasi qüvvəyə çevrilmişdi.
2020-ci ilin Vətən müharibəsi isə bu birliyin miqyasını və gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin VII Forumdakı çıxışında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının “Dəmir yumruq” ətrafında birləşməsini xüsusi vurğulaması təsadüfi deyil. Müxtəlif etnik qruplara və dini icmalara mənsub vətəndaşlarımız eyni səngərdə vuruşdular, eyni Vətən uğrunda canlarından keçdilər. Onları birləşdirən fərqli mənşələri deyil, Azərbaycan sevgisi, milli ləyaqət və dövlətimizin ərazi bütövlüyünün bərpası naminə ortaq iradə idi. Bu, azərbaycançılığın ən inandırıcı və tarixi sübutudur”.
Elnarə Akimova bildirib ki, Prezident VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında azərbaycançılıq ideyasını yalnız milli birliyin təminatçısı kimi deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yerini müəyyənləşdirən mənəvi-siyasi konsepsiya kimi təqdim edir: “Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan tarixən Şərqlə Qərb arasında əlaqələrin inkişafına töhfə verib. Bu gün isə həmin missiya yeni məzmun qazanaraq ölkəmizin dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq üçün beynəlxalq platforma rolunda çıxış etməsində özünü göstərir.
Azərbaycançılıq milli kimliyimizi qorumaqla dünyaya inteqrasiya etməyin fəlsəfəsidir. Bu ideya nə qapalılığı, nə də milli özünəməxsusluqdan imtina etməyi nəzərdə tutur. Əksinə, öz köklərinə möhkəm bağlı olan, tarixini və dilini bilən, mədəni irsinə sahib çıxan xalq dünya ilə daha inamlı dialoq qura bilər. Bu baxımdan ana dilimizin qorunması, milli tariximizin obyektiv öyrənilməsi, ədəbiyyatımızın, musiqimizin və incəsənətimizin təbliği, gənclərin milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyagörüşlü vətəndaşlar kimi yetişdirilməsi azərbaycançılığın gələcək nəsillərə ötürülməsinin əsas şərtləridir.
Məncə, Prezidentin son çıxışının ictimaiyyətə çatdırdığı ən mühüm mesajlardan biri də budur: Azərbaycançılıq yalnız dövlətin və siyasi rəhbərliyin daşıdığı ideya deyil, hər bir vətəndaşın gündəlik həyatında, davranışında və fəaliyyətində təzahür etməli olan ümummilli məsuliyyətdir. Onun gücü nə qədər səsləndirilməsində deyil, nə qədər yaşanmasındadır. Vətənə sədaqət, qanunlara hörmət, milli maraqların müdafiəsi, fərqli mədəniyyətlərə ehtiram və ictimai həmrəyliyə töhfə vermək bu məfkurənin real həyatda ifadəsidir”.