Deputatlar cərimələrin hamısının dövlət büdcəsinə köçürülməsini təklif edir

Deputatlar cərimələrin hamısının dövlət büdcəsinə köçürülməsini təklif edir
  • Clock-gray 17:16
  • calendar-gray 17 Aprel 2020

“Cərimə təyin edən orqanların əməkdaşlarına toplanan cərimədən pay ayrılması düzgün siyasət deyil”.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında  millət vəkili Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, bu, Konstitusiyaya ziddir: “Bu gün dövlət büdcəsindən maliyyələşən kifayət qədər təşkilat var ki, onların cərimə təyin etmək imkanları yoxdur. Onların gördüyü iş cərimə təyin edən orqanların əməkdaşlarının gördüyü işdən heç də az əhəmiyyətli iş deyil. İşin əhəmiyyətliliyinə, saatına görə cədvəl təyin edilməli və əlavə əməkhaqqı verilməlidir. Xarici ölkələrdə bəzən polis saxladığı insana cərimə təyin etmir. Amma bilsə ki, təyin etdiyi cərimədən ona pay düşür, bu zaman buna meylli olacaq. Əvvəlcədən heç kim müəyyənləşdirə bilməz ki, nə qədər cərimə toplanacaq. Ona görə də bu aydan-aya fərqli ola bilər”.

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, cərimələr təxminən 6-ya yaxın nazirlikdə tətbiq olunur: “Bu nazirliklər cərimələrin miqdarının çox olmasında maraqlıdır. İndi müsbət haldır ki, toplanan cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək. Amma bunların hamısı dövlət büdcəsinə köçürülməlidir. Çünki son vaxtlar gedən proseslər Azərbaycanın dövlət büdcəsində, iqtisadiyyatında təsirlər yaradacaq”.

Millət vəkili Hikmət Babaoğlu da qeyd edib ki, bütün cərimələrdən əldə olunan gəlirlər dövlət büdcəsinə köçürülməlidir.

Millət vəkili Fəzail Ağamalı bildirib ki, son vaxtlar BNA Bakı şəhərində nəqliyyatın təınzimlənməsi və xüsusi olaraq tıxac yaradan yerlərdə işlər görür: “Amma yanlış dayanmaya görə Azərbaycanda elə ailə yoxdur ki, cərimə gəlməsin. Bakıda nəqliyyatın vəziyyətini tənzimləmək, onu qaydaya salmaq lazımdır. Lakin bununla bağlı kifayət qədər şikayətlər də var. Buna görə də ilk növbədə həmin nəqliyyat vasitələrinin yerləşdirilməsi üçün dayanacaqlar təyin edilməlidir. Avtomobil saxlanılarkən şəkillər çəkilir və dərhal cərimələr tətbiq edilir. Bu, aradan qaldırılmalıdır. Digər tərəfdən, bu cərimələrdən əldə olunan gəlirlər dövlət büdcəsinə daxil olmalıdır. Əks halda, həmin qurumlar cərimələrin artmasında maraqlı ola bilər”.

Firuzə Vahid

Digər xəbərlər