MM-də hakimlərin şərəf və ləyaqətinin qorunması haqqında qanunun qəbulu təklif olunub

MM-də hakimlərin şərəf və ləyaqətinin qorunması haqqında qanunun qəbulu təklif olunub
# 05 may 2020 11:49 (UTC +04:00)

“İnkişaf etmiş Avropa ölkələrində hər 100 nəfər əhaliyə 15 nəfər hakim düşür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Məhkəmə-Hüquq Şurası məhkəmələrə günün tələblərinə cavab verən hakimlərin təyin edilməsi istiqamətində yol xəritəsi hazırlamalıdır: “Çox təəssüf ki, bəzən sosial şəbəkələrdə kimsə hansısa məhkəmənin qərarından narazı qalır və hakimin şəklini yerləşdirirlər. Hakimlər o insanlara cavab verə bilmir. Hakimlər qərarı Azərbaycan Respublikası adından verir. Ancaq dövlətin adından danışan hakimlərə qarşı çox asan şəkildə sosial şəbəkədə qaralama kampaniyası aparırlar. Təklif edirəm ki, hakimlərin şərəf və ləyaqətinin qorunması barədə qanun layihəsi qəbul edilsin. Digər tərəfdən hakimlərin tərcümeyi-halında hansısa dövlət mükafatı görmədim. Ona görə çox istərdim ki, müvafiq təşkilatlar bu məsələni nəzərə alsınlar”.

Millət vəkili Musa Quliyev isə qeyd edib ki, hakimlərin hər biri təqdim olunan vəzifəyə layiqdirlər: “Yeni vəzifəyə təyin olunan hakimlərin hər birinə uğurlar arzu edirəm. Ədalət olmayanda qanuna hörmət, dövlətə, cəmiyyətə inam da olmur. “Qalxın, məhkəmə gəlir” deyəndə əslində insanlar hakimin timsalında ədalətin ayağına qalxırlar. İkinci arzum bəraət hökmünün çıxarılması ilə bağlıdır. Bəraət hökmü bizim məhkəmələrdə arzu etdiyimiz səviyyələrdə deyil. Növbəti təklifim qanunun tətbiqi zamanı həbs qəti-imkan tədbiri olmayan cəzalara üstünlük verilməsi ilə bağlıdır. Bu gün təyinat alan hakimlərdən çoxunu yaxşı tanıyıram. Onların hakim və hüquqşünas kimi yüksək keyfiyyətli kadrlar olduğuna inanıram”.

Millət vəkili Sadiq Qurbanov bildirib ki, bu, məhkəmə-hüquq sistemində gedən islahatlar çərçivəsində ciddi addımdır: “Bu gün təyin olunan hakimlərdən ən yüksək gözləntimiz ölkə başçısı tərəfindən aparılan islahatlar kursuna dəstək vermələridir”.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, hazırda Ali Məhkəmə sədrinin əmək haqqı Milli Məclis sədrinin əmək haqqına bərabər səviyyədədir: “Hazırda məhkəmələrdən gələn şikayətlərin sayı olduqca çoxdur. Məhkəmə sisteminin çıxardığı qərarlardan çox şey asılıdır. Bank sistemi, mülkiyyət sistemi ilə əlaqədar məhkəmələrin çıxardığı qərarlarla əlaqədar çox şikayətlər olur. Bu şikayətlər çox halda öz həllini tapa bilmir. Beləliklə, ədalət öz həllini tapa bilmir. Məhkəmə sistemi tamamilə dəyişilməlidir. Yeni gələn insanlar hansısa məmur, icra başçısına görə qərarlar çıxarmamalıdır. Təyin edilən hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarına uyğun qərarlar qəbul etsinlər. Ölkə başçısının qarşıya qoyduğu məqsəd bir günlük, iki günlük məqsəd deyil. Korrupsiyaya qarşı addımlar istər aşağı səviyyədə, istərsə də yuxarı səviyyədə davam etdiriləcək”.

Millət vəkili Səməd Seyidov isə bildirib ki, namizədlərin içərisində beynəlxalq təcrübəyə malik olan insanlar əksəriyyət təşkil edir: “Bugünkü yanaşma dövlətin beynəlxalq səviyyədə müdafiəsinə əsaslanır. Bu gün təqdim edilən namizədlər içərisində də Avropa Məhkəməsində Azərbaycanın xeyrinə qərar qəbul edilməsində yüksək rolu olan insanlar var. Məsələn, Çingiz Əsgərov Çıraqov işinin müəlliflərindən biridir, bu işdə onun əməyini dəfələrlə burda da qeyd etmişik. Eləcə də Ramin bəy”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR