Prezident İlham Əliyev: “Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik”

Prezident İlham Əliyev: “Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik”
# 12 may 2020 18:55 (UTC +04:00)

“Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı deyib.

“Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir.

Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR