Siyavuş Novruzov: "Hakimlərin çıxardığı qərarların monitorinqinin keçirilməsi vacibdir"

Siyavuş Novruzov: "Hakimlərin çıxardığı qərarların monitorinqinin keçirilməsi vacibdir"
  • Clock-gray 13:41
  • calendar-gray 05 İyun 2020

“Qanun layihəsində hakimlərin vəzifəsindən kənarlaşdırılmasından söhbət gedir”. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, mövcud qanunvericiliyə görə, hakimlərin seçilməsi də mürəkkəb prosesdir: “Hakim təyin olunan insanların fəaliyyəti 3 il nəzarət altında olur. Hazırlıqsız şəxsin hakim seçilməsi mümkün deyil. Təklif edirəm ki, 13.3-1-ci maddəyə ehtiyac yoxdur. Biz bununla hakimlərin müstəqilliyini daha da əllərindən alırıq. Əgər hakim sistemli şəkildə cinayət törədirsə, Cinayət Məcəlləsində bununla bağlı müvafiq maddələr var. Buna görə də sistemli xarakter daşıyan nöqsanlar dedikdə nəyin nəzərdə tutulması aydınlaşdırılmalıdır. Hakimi vəzifəsindən kənarlaşdırmaq yox, cinayət məsuliyyətinə cəlb edib, həbs etmək lazımdır. Düşünürəm ki, bu gün hakimlərin müstəqilliyi təmin olunmalıdır. Hakimlər yalnız cinayət törətdiyi halda vəzifəsindən uzaqlaşdırıla bilər. Ona görə də layihədə olan bu maddəyə qətiyyətlə etiraz edirəm”. 

Deputat Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinin qəbulu çox vacibdir: “Təqdim olunan layihə ilə tamamilə razıyam. Hakimlərim çıxardığı qərarların monitorinqinin həyata keçirilməsi olduqca vacibdir. Əgər bir hakim prosedur qaydanı düzgün yerinə yetirmirsə, yaxud qəbul etdiyi qərar vətəndaşı narazı salırsa, hakimin məsuliyyətə cəlb edilməsi vacibdir. Müəyyən məsələlərdə dünya və Avropa təcrübəsinə baxmalıyıq. Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır, Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini biz niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə həmin məbləğ həmin hakim tərəfindən ödənilməlidir. Yəni, prosedur qaydalarını pozan hakimlərə qarşı mərhələli şəkildə cəza tədbirləri tətbiq etməliyik. Hakimlər öz fəaliyyətində bunu nəzərə almalıdır. Çünki məhkəmə, hakim dövlətin adından qərar qəbul edir”. 

Deputat Ziyafət Əsgərov isə bildirib ki, qanun layihəsində nəzərdə tutulan sistemli xarakter daşıyan pozuntular daha çox mülki işlərdə cərimələrlə bağlı məsələlərdə olur: “Biz keçən il qanunlara dəyişiklik etdikdən sonra bu sahədə xeyli irəliləyiş var. Hakimlərin təyin olunması məsələsində də bunu demək olar. Ədalət mühakiməsinin hamı üçün şəffaf olması üçün bu qanun layihəsinin qəbulu çox vacibdir”. 

I vitse-spiker Əli Hüseynli isə bildirib ki, Məhkəmə Hüquq Şurası formalaşarkən Avropa Hakimlər Xartiyasına da istinad edilib: “Hakimlərlə bağlı bütün qərarlar, o cümlədən icraatlar onların səs verməsi ilə qəbul olunur”.

 

Firuzə Vahid

Digər xəbərlər