Vətəndaşlar Prezidentə məktub göndərməyə davam edir: “Biz hər zaman Sizinləyik və Sizi dəstəkləyirik”

Vətəndaşlar Prezidentə məktub göndərməyə davam edir: “Biz hər zaman Sizinləyik və Sizi dəstəkləyirik”
  • Clock-gray 10:47
  • calendar-gray 21 Aprel 2020

Azərbaycanın müxtəlif guşələrindən Prezident İlham Əliyevə məktublar gəlməkdə davan edir. Vətəndaşlar koronavirusla mübarizədə dövlət başçısının atdığı addımları yüksək qiymətləndirir, sadə insanların, sosial müdafiəyə ehtiyacı olan təbəqənin, eləcə də kiçik və orta sahibkarların dövlət tərəfindən dəstəklənməsini məmnunluqla qarşılayırlar.       

APA məktublardan bir neçəsini təqdim edir:

 

“Hörmətli cənab Prezident.

Mənim 80 yaşım var. Dünyanı bürüyən bu pandemiya Azərbaycandan da yan keçmədi. Bu ağır günlərdə Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz bizim qurtuluşumuz oldu. Aprel döyüşləri zamanı bizim kəndimizə gəldiniz və bizə ruh verdiniz. Çətin günlərdə bizimlə oldunuz. Yandırılıb dağıdılan evləri nəzarətə götürdünüz, lazımi tapşırıqlar verdiniz. Az müddətdə evlər tikildi, bərpa olundu. Bu evlərin açılışında Siz və Mehriban xanım Əliyeva da iştirak etdiniz. İnanırıq ki, bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik. Arzu edirəm, heç zaman yorulmayasınız. Allah köməyiniz olsun. Azərbaycan xalqı fəxr eləsin ki, Sizin kimi dünya şöhrətli Prezidentimiz var. Allah Sizi qorusun, Siz də biz vətəndaşları.

Dərin hörmətlə,

Məmmədov Allahverdi Muxtar oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Zəngişalı kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Bir vətəndaş olaraq bu ağır günlərdə Sizə minnətdarlıq məktubu yazmağı özümə borc bilirəm.

Mən Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Qayıdış-3 qəsəbəsində yaşayıram. Rayonumuzun hər bir kənd və qəsəbəsi demək olar ki, hər gün dezinfeksiya edilir. Aztəminatlı ailələr, yaşlı və tənha insanlar Sizin tapşırıqlarınız əsasında ərzaq və gigiyena vasitələri ilə təmin olunurlar. Bunların hamısı bütün vətəndaşların gözü önündə baş verir. Son günlərdə imzaladığınız sərəncamlar isə bizi daha çox sevindirir.

Cənab Prezident, xalqımıza ünvanladığınız müraciətlər, çağırışlar bir daha sübut etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Biz füzulililər inanırıq ki, məmləkətimizə üz tutan bu koronavirus bəlasına həmrəyliyimiz sayəsində qalib gələcəyik.

Möhtərəm cənab Prezident, biz Sizinlə fəxr edirik. Bu ağır günlərdə Sizə dəstək olaraq “Evdə qalaq, sağlam olaq” çağırışınıza əməl edirik. Biz - məcburi köçkünlər həmişə Sizinləyik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmmədova Sevil.

Azərbaycan Respublikası, Füzuli rayonu”. 

 

“Hörmətli cənab Prezident.

Bütün dünyanı ağuşuna almış COVID-19 ölkəmizdən də yan keçmədi. Bir çox ölkələr demək olar ki, bu virusa boyun əyməli oldu. Məhz Sizin sayənizdə ölkəmiz bu virusa qalib gəlməyə yaxındır. Sizin atdığınız uzaqgörən və düşünülmüş addımlar biz vətəndaşların virusdan qorunmasına gətirib çıxardı. Qonşu ölkələrlə sərhədlərin vaxtında bağlanması respublikamızda virusun yayılmasının qarşısını aldı.

Çox hörmətli Prezident, Siz mənim və bütün Azərbaycan vətəndaşlarının ən yaxın dostusunuz. Bəli, ən yaxın dostu. Bunun bariz nümunəsi xaricdə yaşayan həmvətənlərimizin ölkəmizə gətirilməsinə dəstək göstərməyiniz, onların qayğısına qalmağınız və yanlarında olmağınızdır.

Möhtərəm Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini əzmlə, iradə ilə davam etdirir, müstəqil Azərbaycanımızı, onun Silahlı Qüvvələrini gücləndirirsiniz. Azərbaycanımızı dünyaya örnək göstərilə biləcək bir məmləkətə çevirmisiniz. Sizin və Mehriban xanımın sayəsində bir çox layihələr artıq dünya dövlətləri tərəfindən öyrənilir və tətbiq edilir. Həmçinin son vaxtlar koronovirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması ilə əlaqədar verdiyiniz tapşırıqlar da bir çox ölkələr üçün nümunə oldu.

Cənab Prezident, mən və ailəm Sizin siyasətinizi daim dəstəkləyirik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Həsənov Anar, Şuşa rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Şuşa rayonu”.

 

“Hörmətli cənab Prezident.

Mən birinci qrup əliləm. Bu gün dünyanı bürüyən koronovirus Azərbaycandan da yan keçmədi. Lakin Sizin gördüyünüz qabaqlayıcı tədbirlər öz nəticəsini verməkdədir. Xəstələnənlərin sayının gündən-günə azalması buna bariz nümunədir. Hələ 2003-cü ildə keçirilən prezident seçkilərində demişdiniz ki, hər bir azərbaycanlının prezidenti olacaqsınız. Sizin hər bir addımınızda bunun şahidi oluruq. Bu gün böyük dövlətlərin rəhbərləri bu virusun qarşısında aciz qalıblar, onun qarşısını ala bilmirlər. Sizin xalqın sağlamlığını qorumaq üçün atdığınız addımların nəticəsini görməkdəyik. İmkansız ailələrə göstərilən qayğı, işsizlərə verilən müavinət Sizə inam hissimizi daha da artırır.

Cənab Prezident, mən birinci qrup əlil olmağıma baxmayaraq 2018-ci ildə keçirilən seçkilərdə iştirak etdim və Sizə səs verdim. Bir gənc kimi Sizinlə qürur duyuram. Sizin hər bir çıxışınız, hər bir addımınız Azərbaycan xalqının xoşbəxtliyinə hesablanıb. Çünki Siz Heydər babanın siyasi məktəbində dərs almısınız.

Cənab Prezident, əlil olmağıma baxmayaraq, ailəmdə iki uşaq böyüdürəm. Övladlarım Sizi hər dəfə televiziya efirində görəndə sevinib deyirlər ki, Prezidentimiz danışır. Sizə diqqətlə qulaq asırlar. Cənab Prezident, bu siyasi yolda Sizə yeni uğurlar arzu edirəm. Tanrı Sizə yar olsun.

Hörmətlə,

Birinci qrup əlil Bayramova Mətanət Alı qızı

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Qızıltorpaq kəndi”.

 

“Hörmətli cənab Prezident.

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Səhiyyə sahəsində görülən işlər, insanlara göstərilən xüsusi qayğı bizi sevindirir. 65 yaşdan yuxarı tənha və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların istək və qayğıları ilə yaxından maraqlanıb onların ərzaq və tibbi tələbatlarının ödənilməsi istiqamətində xeyli işlər görmüsünüz. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur, onlara pul yardımları göndərilir. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanırıq ki, Sizin müvafiq qərarlarınızla ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirir və bu çətin günlərdə görəcəyiniz tədbirlərin səmərəli olacağına əminliyimizi ifadə edirik.

Bir daha qəsəbəmizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Binə sakinləri adından kənd ağsaqqalı

Əliyev Hüseynağa Hüseyn oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi”.

 

“Hörmətli cənab Prezident.

Siz bu ağır günlərdə ölkəmizin vətəndaşları ilə birlikdə olur, onlara lazımi kömək göstərirsiniz. COVID-19 pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda vətəndaşların qayğısını çəkərək, onlardan öz dəstəyinizi əsirgəmirsiniz. Dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ona maddi dəstək göstərilir. Xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır.

Çox hörmətli Prezidentimiz, bir sahibkar, bir vətəndaş olaraq sahibkarlara, eləcə də bütün vətəndaşlara göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdaram. Əminik ki, Sizin rəhbərliyiniz və səyləriniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaqdır.

Hörmətlə,

Bayramov Əliqulu, “ELŞƏN” MMC-nin direktoru.

Azərbaycan Respublikası, Tərtər rayonu”.

 

“Möhtərəm cənab Prezident.

Dünyada tüğyan edən, bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 infeksiyası hər birimiz üçün böyük təhlükəyə çevrilib. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Azərbaycanda bu virusa yoluxma və ölüm hallarının sayının başqa ölkələrlə müqayisədə dəfələrlə aşağı olması bizə nikbin düşünməyə əsas verir.

Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticələridir. Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir müəllim kimi Şəki sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident!

Hörmətlə,

Əsgərova Şəmsiyyət Məmməd qızı.

Azərbaycan Respublikası, Şəki şəhəri”.  

 

“Hörmətli cənab Prezident.

Bütün dünyanı bürüyən koronavirus pandemiyası müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi.

Vətəndaşlarımızı epidemiyadan qorumaq, bu bəladan daha az itki ilə qurtulmaq üçün Sizin rəhbərliyinizlə atılmış addımlar hamı kimi, biz – Gəncə ziyalıları tərəfindən də rəğbətlə qarşılanır. Sizin vaxtında verdiyiniz müdrik qərarlarınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri təqdir edir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir.

Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əliyev Fuad, akademik.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

 

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə almış koronavirusla mübarizədə dövlət başçısı kimi xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərinizə görə Sizə təşəkkür edir, dərin ehtiramımızı bildiririk. Sizin uzaqgörən siyasətinizin, hadisələrə real qiymət verməyiniz nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.

Cənab Prezident, əminik ki, görülən tədbirlər sayəsində bu pandemiyanın ölkəmizdə tezliklə sona çatmasına nail olacağıq. Biz hər zaman Sizinləyik və Sizi dəstəkləyirik. Ulu Yaradan Sizi Azərbaycan dövlətinin və xalqının başı üzərindən əskik etməsin.

Hörmətlə,

Şərifov İslam Müzəffər oğlu, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi”.

 

“Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz uzaqgörən siyasət nəticəsində Azərbaycan bütünlüklə dəyişir, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilir. Məhz bu inkişaf, bu dinamika koronavirus epidemiyasının qarşısını vaxtında almağa imkan verdi. Artıq biz bu mübarizədə qələbənin yaxınlaşdığını hiss edirik.

Bir daha əmin olduq ki, hər bir qərarınız vətəndaşın daha yaxşı yaşamasına, rifahının yüksəlməsinə xidmət edir.

Cənab Prezident, daim Sizinlə qürur duymuşuq. Pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq isə tarixə qızıl hərflərlə yazılacaq. Xalqımız göstərdiyiniz fədakarlığınıza görə Sizə təşəkkürünü bildirir, tutduğunuz müqəddəs yolda uğurlar arzulayır.

Hörmətlə,

Qasımov Ramil Famil oğlu

Məmmədova Gülçən Xanlar qızı

Zeynalov Tural Əmrah oğlu

Əliməmmədova Zemfira Rafiq qızı və başqaları.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Bütün dünyanın qlobal problemlə üz-üzə qaldığı bir dövrdə Sizin xalqımıza göstərdiyiniz dəstək və qayğı heç vaxt unudulmayacaq. Tapşırıq və göstərişlərinizlə açılan xəstəxanalar, müəssisələr Sizin hər şeydən əvvəl biz vətəndaşları düşündüyünüzü nümayiş etdirir. Sizin 2003-cü ildə prezident seçkilərindən sonra söylədiyiniz “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” fikriniz indiyədək gördüyünüz işlərdə öz təsdiqini tapsa da, bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlər xalqımıza sevginizi bir daha göstərdi.

Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda, Siz bu xəstəliyə qarşı tədbirləri çox məharətlə idarə edərək, xalqımızı qorudunuz. Siz nəinki ölkəmizdə yaşayan vətəndaşlarımıza, həmçinin respublikamızdan kənardakı soydaşlarımıza da sahib çıxdınız.

Əziz Prezidentimiz, Azərbaycanı qarşıda hələ çox gözəl günlər gözləyir. Hamımız bir olub həmrəylik nümayiş etdirsək, Siz dediyiniz kimi, istənilən çətinliyə qalib gələ bilərik. Siz hər zaman vətəndaşın yanında olur, onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”

Möhtərəm cənab Prezident, Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun.

Hörmətlə,

Manaflı Gülbikə Qurban qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.

 

“Hörmətli cənab Prezident.

İstirahət etmədən xalqımızın qayğısına qaldığınız üçün, koronavirusla mübarizədə xalqımıza dəstək göstərdiyiniz üçün Sizə təşəkkür etmək istəyirəm.

Sizin müdrikliyiniz, xalqı birliyə səsləməniz bizə bütün çətinliklərin öhdəsindən gəlməyə güc verir, ruhlandırır. Allahın köməyi, Sizin yorulmaz fəaliyyətiniz sayəsində xalqımız bu mübarizədən üzüağ çıxacaq. Hər zaman olduğu kimi, Siz bir daha xalqa dayaq olduğunuzu sübut etdiniz.

Milyonlardan biri kimi, uca Allahdan Sizə cansağlığı, uzun ömür, işlərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Rəhim Nəsir oğlu

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Novosaratovka kəndi”.

 

“Hörmətli cənab Prezident.

Dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə görülən tədbirlər Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik yardımın verilməsi ilə Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaq, insanların rifahını təmin etməkdir.

Hörmətlə,

İsayev Həbib Xanməmməd oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu”.

 

“Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı ağuşuna almış yeni koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin yürütdüyünüz düzgün siyasət, vaxtında verdiyiniz qərarlar, anındaca karantin rejiminin elan edilməsi Azərbaycan dövlətinin və xalqının bu bəladan az itkilərlə qurtulacağına zəmin yaratdı. Həmçinin hər bir Azərbaycan vətəndaşını düşünməyiniz, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratmağınız, işsizlərə sosial yardımın ayrılması barədə qərarlarının ondan xəbər verir ki, Siz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanındasınız.

Cənab Prezident, bir müəllim olaraq bildirirəm ki, Azərbaycan xalqı Sizin arxanızdadır. Bu xalq Sizin rəhbərliyinizlə bir çox çətinliklərin öhdəsindən gəlib, Allahın köməyi ilə bu bəladan da xatasız sovuşacağıq.

Dünyanın qabaqcıl ölkələrində həyatın bu xəstəlik səbəbindən iflic olduğu bir dönəmdə Azərbaycanda həyatın öz axarında davam etməsi Sizin sayənizdədir.

Möhtərəm cənab Prezident, Sizə şəxsən öz adımdan, çoxsaylı müəllim ordusu adından təşəkkürümüzü bildirir, Azərbaycanın uğurlu gələcəyi naminə daim var olmağınızı arzulayıram.

Hörmətlə,

Məmmədov Rəfail İnqilab oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Xınıslı kəndi”.

 

“Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronovirus təhlükəsindən respublika əhalisini qorumaq üçün gördüyünüz işlərə görə Sizə öz adımdan və Laçın rayon 7 saylı tam orta məktəbin kollektivi adından minnətdarlığımı bildirirəm. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərə qalib gələcəyik və həyat öz axarına dönəcək.

Hörmətlə,

İbrahimov Varaşil Cəli oğlu

Azərbaycan Respublikası, Qaradağ rayonu, Ümid qəsəbəsi”.

 

“Hörmətli cənab Prezident.

Bu gün dünyanı cənginə alan koronovirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız, eyni zamanda, xalqımızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi çox sevindirir. Sizinlə qürur duyuruq. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da biz birlikdə güclüyük.

Əziz Prezidentimiz, Siz dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirərək, ölkəmizi sürətli inkişaf yoluna çıxardınız. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişiklikləri, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi xalqımız tərəfindən bəyənilir və müdafiə olunur.

Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Quliyev Fərhad Bakir oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şahsevən Təzəkənd kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Tarixin müxtəlif dövrlərində bəşəriyyət bir sıra xəstəlik, epidemiya, xəstəlik, təbii fəlakət, iqtisadi böhranlarla üzləşmiş, yalnız güclü, ağıllı liderləri olan dövlətlər bu xəstəliklərdən, bəlalardan xilas ola bilmişlər. COVİD-19-un yarandığı ilk gündən onunla mübarizədə ortaya qətiyyətli iradə qoymağınız, “Biz birlikdə güclüyük!” şüarı ilə xalqı vahid yumruq halında birləşdirməyiniz xalqımızın liderinə olan inamını daha da gücləndirdi. Nazirlər Kabineti yanında Operativ Qrup yaratmağınız əhalini xəstəlik barədə məlumatlandırmaq yolunda ən düzgün addım oldu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması xalqımızın ürəyincə oldu ki, xeyirxah insanlarımız bu Fonda vermiş olduqları ianələrlə dövlətimizin, Prezidentimizin yanında olduqlarını göstərdilər. Pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün verdiyiniz Sərəncam və Fərmanlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. İnanırıq ki, apardığınız düşünülmüş siyasət sayəsində ölkəmiz bu vəziyyətdən də uğurla çıxacaq. Pandemiya ilə mübarizəyə göstərdiyiniz maddi-mənəvi dəstək bu bəladan qalib kimi ayrılacağımızın müjdəçisidir.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı arzulayırıq.

Dərin hörmətlə,

Məmmədov Rəşid Azər oğlu

Məmmədov Azər Həkim oğlu

Məmmədov Ramil Azər oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Topçu kəndi”.

 

“Hörmətli cənab Prezident.

Sizi öncə Gəgiran kənd tam orta məktəbin kollektivi adından salamlayır, Sizə ən xoş arzularımızı bildiririk.

Dünyanı cənginə alan koronavirusa (Covid-19) qarşı apardığınız mübarizənizi dəstəkləyir və alqışlayırıq. Təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkədə sosial təcrid tədbirlərinin gücləndirilməsi, aztəminatlı ailələrə birdəfəlik maddi yardımların verilməsi məhz Sizin aparmış olduğunuz humanist və sosialyönümlü siyasətin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, biz Sizə hər zaman dəstəyik, ətrafınızda sıx birləşib verdiyiniz bütün tapşırıqlara sözsüz əməl edərək bu virusa qalib gələcəyik. Sizin atdığınız hər bir addım Azərbaycan vətəndaşının sağlamlığına və sosial rifahına xidmət edir. Sizin “Evdə qal!” çağırışınıza hər bir vətəndaş kimi, bizim də mənəvi borcumuzdur ki, riayət edək.

Hörmətli cənab Prezident, biz birlikdə bu virusa qalib gələrək Azərbaycanın işıqlı gələcəyini Sizin rəhbərliyinizlə davam etdirəcəyik.

Biz birlikdə güclüyük!

Hörmətlə,

Gəgiran kənd tam orta məktəbinin direktoru Cavadov Ziyafəddin

Azərbaycan Respublikası, Lənkəran rayonu, Gəgiran kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Hazırda bütün dünyada koronovirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin tərəfinizdən ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində vaxtında qabaqlayıcı tədbirlərin görülməsi təqdirəlayiqdir. Ulu Öndərimizin davamçısı kimi Sizin düşünülmüş siyasətiniz bütün işlərdə olduğu kimi, bu vəziyyətdə də xalqımızın rəğbətini qazanıb. Tərəfinizdən vaxtında və doğru addımlar atılmasaydı bu gün böyük bəlalarla üzləşə bilərdik, necə ki, dünyanın güclü dövlətləri bu pandemiyanın qarşısında acizliklərini etiraf edirlər. Siz həmişə xalqın yanında olmuşunuz, bu gün də xalqa olan sevginizi və səmimiyyətinizi hamı görür. “Biz birlikdə güclüyük!” deməklə xalqımızı bir yumruq kimi birləşdirə bildiniz. Azərbaycanımıza əvəzolunmaz xidmətlərinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Babaşov Qurbanəli Şahvələd oğlu

Azərbaycan Respublikası, Şamaxı rayonu, Məlcək kəndi”.

 

“Möhtərəm cənab Prezident.

Dünyada yayılmış koronavirus pandemiyasinin ölkəmizdə də geniş vüsət almasının qarşısının alınması, tərəfinizdən vaxtında verilmiş qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizin milli təhlükəsizliyi və xalqımızın sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə özümün və ailəmin adindan Sizə dərin minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi, bu istiqamətdə də dünya ölkələri Azərbaycan praktikasindan bəhrələnir. Sizin sayənizdə Azərbaycan bu gün pandemiya ilə mübarizədə aparılan test sayına və operativliyə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir, inkişaf etmiş ölkələri qabaqlayaraq ön sıralarda dayanmışdır. Bunlar hamısı Sizin uzaqgörən siyasətinizin, xalqa və dövlətimizə olan sevginizin nümunəsidir. Karantin dövründə insanların evdə oturaraq əməkhaqqlarını almaqları, aztəminatlı ailələrə olunan yardımlar, sahibkarlara edilən dəstək Sizin hər zaman Azərbaycan vətəndaşının, sahibkarının yanında olmağınızdan xəbər verir. Ən qısa zamanda daxili tələbatı ödəmək üçün spirt və maska istehsalı, yeni tikilmiş xəstəxananın koronavirus xəstələrinin istifadəsinə verilməsi, Sərəncamınıza əsasən modul tipli xəstəxanaların qısa zamanda tikilməsi güclü lider, dayanıqli siyasət, dinamik inkişaf və inkişaf etmiş Azərbaycandan xəbər verir. Bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqi sizi sevir. Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləyirik. Biz birlikdə güclüyük!

Dərin hörmətlə,

Şahtaxtinski Toğrul Rəşid oğlu

Azərbaycan Respublikası, Bərdə rayonu, Otuzikilər kəndi kəndi”.

 

“Hörmətli cənab Prezident,

Dünyada tüğyan edən koronavirus pandemiyası ilə bağlı ölkəmizdə müəyyən sahələrdə gücləndirilmiş iş rejimi hökm sürür. Ölkə sakinlərinin xəstəliyə yoxulması halları minimuma endirilmişdir. Bununla yanaşı, dövlətimiz evdə qalan sakinlərimizin də qeydinə qalmaqdadır. İmkansız ailələr, ahıllar, tənha yaşayan kimsəsiz şəxslər daim diqqət mərkəzində saxlanılır. Onlar zəruri ərzaqlarla, tibbi vasitələrlə təmin edilirlər. Sizin diqqət və qayğınızı xalqımız həmişəki kimi görür və hiss edir.

Dövlətimizi və xalqımızı qoruduğunuza görə Sizə və rəhbərliyiniz altında çalışan bütün dövlət qulluqçularına dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Mehtiyev Zöhrab Əliş oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi”.

 

“Hörmətli cənab Prezident,

Mənim övladım Azərbaycan Tibb Universitetində təhsil alır. Sizin qayğınız sayəsində məcburi köçkün kimi təhsil haqqından azad olunub. Buna görə Sizə minnətdarıq.

Bu gün dünyanı bürüyən koronavirus xəstəliyi həkimlik peşəsinin bir ölkə, xalq üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Hazırda həkimlərə olan ehtiyac göz önündədir. Çox sevindirici haldır ki, xaricdə tibb sahəsi üzrə təhsil alan gənclərimiz bu dar gündə ölkəmizə köməyə gəlir. Bu amil özlüyündə xalqımızın möhkəm birliyinin göstəricisidir.

Sizə xalqımızla birlikdə hər zaman xoş günlər arzulayıram, cənab Prezident.

Hörmətlə,

Məmmədov Mədəd Bələd oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatlı kəndi”.

apa-logo-mini

Digər xəbərlər