Vətəndaşlar Prezidentə məktub göndərməyə davam edir: “Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir”

Vətəndaşlar Prezidentə məktub göndərməyə davam edir: “Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir”
# 19 aprel 2020 09:47 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirusun ölkədə yayılmasına qarşı gördüyü tədbirlər, virusa yoluxanların müalicəsi, eləcə də sadə insanlara göstərdiyi diqqət və qayğı vətəndaşlar tərəfindən razılıqla qarşılanır, təqdir edilir. Bunu onların dövlət başçısına ünvanladığı məktublardan da aydın görmək olur.

APA həmin məktublardan bir neçəsini təqdim edir.

“Sosella Bayramovadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz.

Son vaxtlar dünyada geniş yayılmış koronovirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Cənab Prezident, böyük bir bəla olan koronovirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun.

Dərin hörmətlə,

Bayramova Sosella Tağı qızı.

Azərbaycan Respublikası, Tərtər rayonu”.

“Möhtərəm cənab Prezident.

Bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaqdadır. Ümummilli lider Heydər Əliyev akademiyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyiniz ilə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür.

Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

İbrahimova Vüsalə Feyruz qızı.

Azərbaycan Respublikası, Hacıqabul şəhəri”.

“Möhtərəm cənab Prezident.

Hazırda dünyada ən böyük problem olan koronovirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemiyanın təsirinin azaldılması üçün atılan addımlar alqışalayiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstündür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan cansağlığı arzu edirik.

Dərin hörmətlə,

Qəhrəmanova Səbinə Eldəniz qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

“Möhtərəm cənab Prezident.

Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm.

Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin baris nümunəsidir.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm.

Allah Sizin kölgənizi xalqımızın üzərindən əskik etməsin.

Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük.

Hörmətlə,

Abbaszadə Xəzər Zəfər oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

“Cənab Ali Baş Komandan.

Mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Siz çətin günlərə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcəkdir.

Cənab Prezident, bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə çox sağ olun. Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə minimum itki ilə qurtulacağımıza inamımız böyükdür.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirus qalib gələcəyik.

Hörmətlə,

Əliyev Mirqədir Kamran oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

“Hörmətli Prezident cənab İlham Əliyev.

Mən sadə bir Azərbaycan vətəndaşı, müəlliməm. Yurdumuzun gözəl balalarına dərs deyir, onlara Vətən, torpaq anlayışı, vətəndaşlıq borcu kimi dəyərli keyfiyyətlər aşılayıram.

Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin diqqətiniz, müdrik addımlarınız, xalqa qayğıkeş münasibətiniz o qədər qürurvericidir ki, ulu öndərimiz Heydər Əliyevin dəyərli sözlərini hər bir vətəndaş kimi, mən də ürəkdən, səmimi qəlbdən söyləyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Heydər Əliyev məktəbi keçən, Heydər Əliyev ruhunu daşıyan cənab Ali Baş Komandanımız, Sizi çox sevirik. Biz Sizinləyik. Bitməyən qayğılarınıza görə Sizə olan ehtiramımız əbədidir.

Hörmətlə,

İslamova Gülnarə Şamil qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi”.

“Cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycana təsir etsə də, Sizin təşəbbüsünüzlə görülən işlər nəticəsində xalqımızın sağlamlığı qorundu, təhlükəsizliyi təmin olundu.

Sizin rəhbərliyinizlə həyata keçirilən mühüm tədbirləri, o cümlədən xalqın rifahının yaxşılaşdırılması üçün atdığınız addımları dəstəkləyir və bunlara görə Sizə minnətdarlığımızı bildiririk.

Pandemiyanın qarşısının alınması üçün görülən bütün işlərə görə Gəncə şəhərinin müəllim heyəti adından Sizə təşəkkür edirik. Yürütdüyünüz siyasəti dəstəkləyir və fəxr hissi ilə deyirik ki, müdrik və uzaqgörən siyasətinizi gənclərimiz arasında da təbliğ edirik.

Hörmətlə,

Şükürov Elgiz Nəriman oğlu

Səfərova İradə Müsayib qızı

Abbasov Elşad Akif oğlu

İsmayılova Raminə və başqaları.

Azərbaycan Respublikası, Gəncə şəhəri”

“Hörmətli cənab Prezident.

Koronavirus infeksiyasının yayılmasına qarşı vaxtında atılan addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır və əminik ki, bu mübarizədə qalib gələcəyik.

Cənab Prezident, açılışında şəxsən iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına görə gördüyünüz qabaqlayıcı tədbirləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədov Asif Məmmədqasım oğlu

Məmmədov Xudat Əhliman oğlu.

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Quşçu kəndi”.

“Möhtərəm cənab Prezident.

Sizin bu çətin günlərdə pandemiyaya qarşı mükəmməl və konkret qərarlarınız infeksiyanın geniş yayılmasına imkan vermədi.

Görülən tədbirlərin səmərəliliyinin canlı şahidiyəm. Həm də hər gün xəstələrin sayının azalmasının, pasiyentlərin tam sağlam evə yazılmalarının şahidiyəm və bundan qürurlanıram. Sizin tapşırıq və tövsiyyələrinizə əsasən yaradılan şərait, düzgün qurulan iş prosesi bu nailiyyətləri əldə etməyə imkan verib.

Koronavirusla mübarizədə biz həkimlərə yaradılan şəraitə görə ən birinci Sizə minnətdarlıq bildirir, həmçinin bizlərlə çiyin-çiyinə vuruşan polis əməkdaşlarına, bizə xidmət edən heyətə təşəkkür edirəm.

Sizin qayğınız, doğma münasibətiniz bu çətin günlərdə bizə böyük kömək oldu. Allah Sizi qorusun. Çox sağ olun. Azərbaycana və Sizə eşq olsun.

Hörmətlə,

İbrahimov Əli Ziya oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

“Möhtərəm Prezident.

Bu yaxınlarda Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən pandemiyadan zərər görmüş sahibkar kimi mənim bank hesabıma min (1000) manat məbləğində vəsait köçürülüb. Bunu Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin biz sahibkarlara dəstəyi kimi qiymətləndirir, dərin minnətdarlığımı bildirirəm. Demək istəyirəm ki, Sizin bu qayğınızı unutmayacam, dövlətimizin inkişafı üçün canla-başla səy göstərəcəm. Bir daha dərin təşəkkürümü bildirir, Sizə, ailənizə, rəhbərliyiniz altında çalışan dövlət və hökumət nümayəndələrinə ən xoş arzularımı çatdırıram.

Dərin hörmətlə,

Məmmədov Vüqar Əfrail oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR