Vətəndaşlardan Prezidentə təşəkkür məktubları gəlir: “Siz hər bir vətəndaşın sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görürsünüz”

Vətəndaşlardan Prezidentə təşəkkür məktubları gəlir: “Siz hər bir vətəndaşın sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görürsünüz”
  • Clock-gray 09:49
  • calendar-gray 11 Aprel 2020

Prezident İlham Əliyevin koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlər, verdiyi qərar və göstərişlər vətəndaşlar tərəfindən razılıq və rəğbətlə qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə respublikanın müxtəlif bölgələrindən dövlət başçısının ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir.

APA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini Azad İbrahimov yazır: “Möhtərəm cənab Prezident.

Biz ailə olaraq Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız vətən xainləri görməyə bilərlər.

Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq və ölkəmiz tezliklə Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin”.

Gəncə şəhər sakini Seymur Məmmədov məktubunda yazır ki, dünyanı cənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb: “Bəzi ölkələr vəziyyətə biganə yanaşdığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda zamanında mühüm tədbirlər görüldü.

Hazırda ölkəmizdə koronavirusa yoluxma hallarının sürətlə yayılmasının qarşısı operativ şəkildə alınır, bu istiqamətdə mühüm işlər görülür. Dünyada hər keçən gün pandemiya ilə bağlı vəziyyət dəyişir və Sizin rəhbərliyinizlə ölkəmizdə proseslərə çevik reaksiya verilir.

Dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ona maddi dəstək göstərilir, xalqın həyat şəraiti, rifahı, sosial vəziyyəti diqqətdə saxlanılır. Bir vətəndaş kimi xalqa yüksək qayğınız üçün Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq.

Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir”.

Növbəti məktubu Zaqatala rayonundan Fizzə Mahmudova göndərib. O, məktubunda yazır: “Hörmətli cənab Prezident.

Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür, dövlətçiliyə bağlı, yüksək intellektli və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Zaqatala gəncləri adından Sizə təşəkkür edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun”.

Gəncə şəhər sakini Kəmalə İsmayılova məktubunda dövlət başçısının Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görüldüyünü qeyd edib.

“Möhtərəm cənab Prezident.

Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakınız bir daha göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görürsünüz. Siz həmişə bizi, xalqımızı düşünürsünüz.

Çox hörmətli Prezident, inanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tezliklə bitəcək, Sizin qayğınız və səyləriniz nəticəsində Azərbaycanımız bu böhrandan minimum ziyanla çıxacaq. Bu gün biz Sizin “Biz birlikdə güclüyük!” şüarınıza qoşularaq həmişə Sizinlə olduğumuzu və koronavirusa birlikdə qalib gələcəyimizə əminliyimizi bildiririk. Biz Sizinlə qürur duyuruq. Allah Sizi qorusun, daim var olun. Azərbaycanımızın daha da inkişafı naminə bütün işlərinizdə Sizə uğurlar diləyirik”, - deyə o, məktubunda bildirir.

Füzuli rayonu, Birinci Zobucuq qəsəbəsinin sakini Validə Zeynalova isə yazır: “Möhtərəm cənab Prezident.

Dünyanı koronavirus epidemiyasının bürüdüyü və hər gün müxtəlif ölkələrdə çoxlu sayda insan ölümünün baş verdiyi bir zamanda ölkəmizdə bu yoluxucu xəstəliyə qarşı ciddi mübarizənin aparılması Sizin əhalinin sağlamlığının qorunmasına, insan amilinə verdiyiniz yüksək dəyərin bariz nümunəsidir.

Mən Birinci vitse-prezident, mərhəmətli Mehriban xanəm Əliyevanın “Hər uşağa ailə gərəkdir” təşəbbüsünə qoşularaq, övladlığa uşaq götürmüşəm və ana kimi şərəfli ad daşıyıram. Hazırda oğlumla bir yerdə yaşayıram.

Cənab Prezident, Sizin və çox hörmətli Mehriban xanımın aztəminatlı ailələrə, xüsusilə məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğı bizim gələcəyə ümidimizi daha da artırır. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində Silahlı Qüvvələrimizin Ermənistan ordusunu darmadağın etməsi hər birimizdə tezliklə böyük Qələbəyə qovuşacağımıza əminlik yaradıb. İnanırıq ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan az itki ilə qurtulacağıq. Sizə və Mehriban xanıma, övladlarınıza və nəvələrinizə cansağlığı arzulayıram. Allah Sizi qorusun”.

Bakı Dövlət Universitetinin rektorunun müşaviri Aydın Kazımzadə də Azərbaycan Prezidentinə məktub ünvanlayıb. A. Kazımzadə məktubunda yazır: “Möhtərəm cənab Prezident.

Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz gündəlik çoxşaxəli fəaliyyətinizlə kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir.

Cənab Prezident, inanıram ki, görülən bu işlərin və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına dünyada tüğyan edən pandemiyanın ölkəmizdə daha geniş yayılmasının qarşısı alınacaq və biz bu bəladan mümkün qədər az itkilərlə qurtula biləcəyik. Gələcək taleyimizi Sizə etibar edərək, bu yolda hamını bir daha birliyə və həmrəyliyə dəvət edirəm. Biz birlikdə güclüyük!”

Salyan rayonu, Qarabağlı kəndinin bir qrup sakini də dövlət başçısına məktub göndərib. Əlbaba Həsənov, Rabil Həsənov, Əlizamin Cəlalovun göndərdiyi məktubda oxuyuruq: “Möhtərəm cənab Prezident.

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın qorunması üçün fəaliyyət göstərən tibbi heyətin və digər şəxslərin məvaciblərinin artırılması bir daha dövlətin hər bir vətəndaşının əməyini vaxtında qiymətləndirməsini, onlara dəyər verməsini göstərir.

Bu pandemiya bütün dünyada bir sıra problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi nümunəsi Azərbaycana aiddir. Bu, Sizin humanistliyinizdən irəli gəlir. Buna görə Sizə təşəkkür edirik.

Ən çətin məqamlarda hər zaman hər bir vətəndaşın yanında olduğunuzu atdığınız addımlarla, verdiyiniz qərarlarla sübut edirsiniz. Bu günlərdə bunu bir daha göstərmiş oldunuz.

Cənab Prezident, Azərbaycan xalqı çox çətinliklərin öhdəsindən gəlib. İnanırıq ki, hazırkı narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə ölkəmizdə həyat yenindən öz axarına düşəcəkdir”.

Başqa bir məktubu isə Türkiyənin Kırıkkale şəhərindən Marina Abdurahmanova göndərib. M. Abdurahmanova yazır: “Hörmətli cənab Prezident.

Mən Türkiyənin Kırıkkale şəhərində yerləşən universitetlərdən birinin tələbəsiyəm. Türkiyədə olan azərbaycanlı tələbələrin hər birinə alış-veriş üçün vəsaitin verilməsi bizə həm maddi, həm də mənəvi kömək oldu. Bu, Sizin sayənizdə mümkün olub, cənab Prezident. Belə çətin günlərdə bu qayğınız bizi çox sevindirdi. Qürbətdə olsaq da, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirdiniz. Çox qürurverici bir hissdir. Türkiyədə olan bütün tələbələrin adından Sizə təşəkkür edirəm. Nə yaxşı ki, varsınız, əziz Prezidentimiz!

Əminik ki, birgə səylər nəticəsində bu bəla da tarixə qovuşacaq, ölkəmiz bu çətin günləri minimum itki ilə başa vuracaq. Sizə sağlam həyat arzu edirəm”.

Dövlət başçısına minnətdarlıq məktubu ünvanlayanlar arasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov da var. T. Ağahüseynov yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Koronavirusa qarşı mübarizə sahəsində imzaladığınız sərəncamlarınızı, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrinizi və təşəbbüslərinizi dəstəkləyirik.

Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına inanırıq.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz dəyərli töhfəsini verəcəkdir”.

Daşkəsən rayonundan Etibar Verdiyev, Əli İsmayılov, Aybəniz Vəliyeva, Vüsal Haqverdiyev və başqaları isə məktublarında qeyd edirlər ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən bütün lazımi tədbirlər həyata keçirilməkdədir. “Bu bəladan yalnız güclü sosial izolyasiya və verilən tövsiyələrə ciddi əməl etməklə xilas olmaq mümkündür. Ümid edirik ki, xalqımız bu işdə sonadək həmrəylik nümayiş etdirəcək və koronavirus mövzusu tezliklə tarixin yaddaşına köçəcəkdir. Biz daşkəsənlilər bütün tələb və tövsiyələrə ciddi əməl edirik və xalqımızı bir daha diqqətli, məsuliyyətli olmağa səsləyirik.

Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Əminik ki, Sizin səmərəli fəaliyyətiniz və xalqımızın həmrəyliyi sayəsində bu pandemiyanın Azərbaycana təsiri çox da böyük olmayacaq. Gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizdə həyatın tezliklə yenidən öz axarına düşməsini və Azərbaycanın inkişaf yolunu davam etdirməsini arzulayırıq”, - deyə onlar yazır.

Bir qrup Masallı sakini də dövlət başçısına məktub göndərib. Azər Soltanov, Adil, Fərzullayev, Güllübəyim Rəhimova və başqalarının məktubunda deyilir: Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bir neçə gün bundan əvvəl Sizin iştirakınızla tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində növbəti addım oldu. Qısa müddətdə qurulan bu müəssisə heç şübhəsiz ki, ölkəmizdə tibbi maska qıtlığını aradan qaldıracaqdır.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”

Laçın rayonundan məcburi köçkün, Sumqayıt şəhərində məskunlaşmış İnşallah Əsədov isə məktubunda yazır: “Möhtərəm cənab Prezident.

Bu günlərdə Sərəncamınıza əsasən yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı bir qrup məhkumun əfv edilməsi bir daha Sizin böyüklüyünüzü, çətin günlərdə hər kəsi düşündüyünüzü göstərdi.

Böyük humanistlik nümayiş etdirdiyinizə, bununla da on minlərlə vətəndaşı sevindirdiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addımınız ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir.

Biz müəllimlər əlində qələm tutan əsgərlər olaraq daim Sizin yanınızdayıq. Allah Sizi qorusun”.

apa-logo-mini

Digər xəbərlər