Əli Əhmədov: “Mitinq cəhdi daxili sabitliyi pozmağa yönəlik müxalif partiyaların mövcud olduğunu göstərir”

Əli Əhmədov: “Mitinq cəhdi daxili sabitliyi pozmağa yönəlik müxalif partiyaların mövcud olduğunu göstərir”
  • Clock-gray 12:51
  • calendar-gray 21 Oktyabr 2019

“Bəzi müxalifət qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac var”. 

APA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilmiş qanunsuz aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini bildirməlidir. 

“Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyidir və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var. Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıb”, - deyə o əlavə edib.

O qeyd edib ki, ölkədə bütün azadlıqlar təmin olunduğu kimi kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd edib: “Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərir. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma niyyətində olublar. Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda da bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində insanların mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır. Ancaq bunları nəzərə almadan elə bir yer seçmişdilər ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir”.

Ə. Əhmədov deyib ki, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur: “Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır. Hakim partiya olaraq, hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa, hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz”.
 

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date