“Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi oldu” - MÖVQE

“Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi oldu” - MÖVQE
# 14 iyun 2019 15:50 (UTC +04:00)

“Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, YAP-çı deputat Nəriman Əliyev deyib.

O bildirib ki, 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub: “Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ulu öndər siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi. Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək, inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı”.

Deputat qeyd edib ki, Heydər Əliyevin siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü: “Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan millətinin maraqlarına uyğun siyasət həyata keçirdi”.

N.Əliyev bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz uğurlar həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan hazırkı şəraitdə müsəlman ölkəsi olaraq digər dövlətlərə nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi hamı tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük uğurlar əldə etdiyini qeyd edirlər. Keçirilən sammitlər, nəhəng beynəlxalq tədbirlər, idman və mədəniyyət hadisələri, dünyanın lider ölkələrinin başçılarının Bakıda müxtəlif səpkili görüşlər keçirmələri bilavasitə Azərbaycanın dünyanın mərkəzi rolunda olduğunu sübut edir. Yəni biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli-mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Azərbaycan həmçinin özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bütün bunlar əlbəttə ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticələridir ki, bu gün Prezident İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarda davam etdirilir. Biz də 15 iyun - Qurtuluş gününü fəxrlə, qürurla qeyd edirik”.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov isə APA-ya açıqlamasında deyib ki, 15 İyun - Qurtuluş günü azadlığımızın, milli dövlətçiliyimizin bərqərar olması bayramıdır: “26 ildir bəhrəsini gördüyümüz, yaşadığımız bu azadlığı bizə ümummilli lider Heydər Əliyev bəxş edib. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə Qurtuluş günü kimi həkk olunub”.

Cavid Osmanov bildirib ki, o dövrdə daxili və xarici qüvvələrin təsirinə baxmayaraq, müdrik siyasəti ilə müstəqilliyimizin qarantı olan ulu öndər bu ağır məsuliyyəti öz üzərinə götürüb ölkəmizdə siyasi hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, xalqımızın azadlıq arzularının reallaşması mümkün olmazdı: “Həmin dövrdə ölkəmizdə mövcud olan siyasi böhran, hakimiyyətin səriştəsizliyi kövrək olan müstəqillik sütunlarını tamamilə sarsıtmışdı. AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, dövlət idarəçiliyi sisteminin olmaması, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi müstəqliiyini itirmək və parçalanmaq təhlükəsi ilə üzı-üzə qalmasını şərtləndirmişdi. Ölkədə sosial böhran, yoxsulluq və işsizliyin pik həddə çatması insanların sabaha olan inamlarını da tamamilə yox etmişdi".

C.Osmanov qeyd edib ki, məhz belə bir ağır şəraitdə xalqımız yeganə ümid yeri kimi Heydər Əliyevi görürdü. Ona görə də Azərbaycan xalqı israrla ümummilli lideri Bakıya dəvət edib: “Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb və burulğanlı proseslərin içərisindən uğurla çıxararaq, müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən ulu öndər öz addımları, fəaliyyəti, tariximiz və dövlətçiliyimiz qarşısındakı titanik xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirdi. Xalqımızın ən çətin günlərində, tariximizin ən mürəkkəb dövrlərində məhz ulu öndər Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək, süqutun astanasında olan bir dövləti yenidən inkişaf yollarına çıxardı. Dahi lider millətini bütün bəlalardan hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin etdi. Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və işıqlı sabahlara aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR