Azərbaycanlı icması Bruklində Zəfər Gününü qeyd edib

Azərbaycanlı icması Bruklində Zəfər Gününü qeyd edib
# 08 dekabr 2020 13:01 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Bruklin şəhərində ölkəmizin Zəfər Günü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, "Old Baku" restoranında baş tutan tədbirdə Nyu-York və Pensilvaniya ştatlarından olan 80 nəfərə yaxın soydaşımız iştirak edib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçıları Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Qarabağ savaşında qazandığı tarixi Qələbə münasibətilə dünya azərbaycanlılarını və bütün Türk Dünyasını təbrik ediblər. Tədbirdə şəhid Xudayar Yusifzadənin döyüşçülərimizi ruhlandırmaq məqsədilə cəbhədə oxuduğu "Vətən yaxşıdır" mahnısı Hyustonda yaşayan azərbaycanlı xanəndə Aqil Süleymanovun ifasında təqdim edilib.

Sonda xalqımızın birliyini və həmrəyliyini göstərən "Yallı" rəqsi ifa edilib, üçrəngli bayrağımızla bəzədilmiş və üzərində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış tort kəsilib.

Tədbir Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanının Zəfər yürüşü ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR