ABŞ-ın Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

ABŞ-ın Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
# 24 fevral 2023 15:01 (UTC +04:00)

ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur Kolumbiya Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan diasporunun təşkilatçılığı ilə universitetin fakültə evində “Xocalını xatırlayırıq: Ermənistan və Azərbaycan hərb və sülh yolu ilə” mövzusunda baş tutan tədbir Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların çatdırılması, erməni dezinformasiyalarının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunması məqsədilə təşkil edilib.

İctimaiyyətə açıq şəkildə təşkil edilmiş konfransda Kolumbiya Universitetinin professor-tələbə heyəti, Nyu-York və digər ştatlarda yaşayan diaspor nümayəndələri və fəalları iştirak ediblər.

Öncə Xocalı soyqırımı və müharibə qurbanlarının, eləcə də Turkiyədəki dağıdıcı təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımından bəhs edən videofilm nümayiş olunub.

Konfransın məruzəçiləri qismində Qrinsborodakı Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinin professoru Əli Əsgərov və Tennesi Texnologiyalar Universitetinin siyasi elmlər üzrə professoru Mixael Gunter çıxış ediblər.

Universitetin çoxmilli tərkibli auditoriyasında maraqlı müzakirə çərçivəsində keçən konfransda Xocalıya ədalət, Xocalının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi tələbləri ilə bağlı fikirlər səslənib.

Eyni zamanda konfransda Azərbaycan həqiqətləri, indiki Ermənistandan – Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların zorakılıqla və vəhşicəsinə deportasiya olunması barədə auditoriyaya geniş məlumat verilib.

Sualların cavablandırılması ilə yekunlaşan tədbirin sonunda iştirakçılara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, döş nişanları və "Sonsuz dəhliz" filminin diskləri paylanılıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR