Azərbaycan yığması Dünya Çimərlik Oyunlarını 5 medalla başa vurub

Azərbaycan yığması Dünya Çimərlik Oyunlarını 5 medalla başa vurub
# 15 oktyabr 2019 23:47 (UTC +04:00)

Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunlarında Azərbaycan millisi çıxışını başa vurub.

APA-nın məlumatına görə, idmançılarımız son olaraq yarış çərçivəsində keçirilən çimərlik güləşində qüvvələrini sınayıblar.

İbrahim Yusubov (80 kq) A qrupunda rumıniyalı Vasile Madalin Minzala (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan qələbə rəqibə verilib. Bununla belə, yarımfinala vəsiqə qazanan Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabıyla üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən Davitlə üz-üzə gələn İbrahim bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb.

Oyan Nəzəriani (+90 kq) B qrupunda ispan Xose Kuba Vaskes (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. Oyan 3-cü yer uğrunda görüşdə yenidən Mamukayla qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sonuncu xalı rəqib qazandığından Nəzəriani 4-cü yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan yığması Dünya Çimərlik Oyunlarını 4 gümüş və 1 bürünc medalla bitirib. Təmsilçilərimizdən akvatlonda Kseniya Levskovskaya gümüş, Rostislav Pevtsov bürünc medal qazanıblar. Onlar qarışıq cütdə də ikinci olublar. Həmçinin Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) çimərlik güləşində fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR